İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? - Kosmetoloq danışdı

İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? - Kosmetoloq danışdı
2233 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar üzlərində yaranan xırda qırışlardan qurtulmaq üçün hər zaman botoksa müraciət ediblər. Hazırda ölkəmizdə müxtəlif qiymətə botoks və digər proseduralar edən kosmetoloqlar mövcuddur. Son günlər isə sosial şəbəkələrdə botoksu 60, 70, hətta 50 manata belə edən, üstündə hədiyyə proseduralar qoyan kosmetoloqların sayı isə artıb. İnsanları isə maraqlandıran bir məqam var: nə üçün bir kosmetoloqun 180-200 manata etdiyi botoksu, digəri 50 manata təqdim edir?

Axşam.az məsələ ilə bağlı araşdırma aparıb. Üzə vurulan bu botoksların hər birinin tərkibi eyni deyil. Onlar keyfiyyətinə görə kateqoriyalara bölünür. Amma hazırda ayaq tutub yeriyən 50-60-70 manatlıq hədiyyəli botokslar isə ümumiyyətlə, üz dərisi üçün nəzərdə tutulmayıb.

Məsələ ilə bağlı peşəkar həkim-kosmetoloq Sevinc Əskərovaya müraciət ünvanladıq. Sevinc Əskərova bununla bağlı suallarımızı cavablandırıb.

- Kosmetoloqların prosedurlara qoyduğu bu qiymət fərqi nədən irəli gəlir?

- Qiymətlərin bu dərəcədə fərqli olması pasientləri çox maraqlandırır. Bu da şübhələr yaradır: niyə bunlar ucuz, başqası baha edir? İlk əvvəl keyfiyyəti nəzərə almaq lazımdır. Keyfiyyətli preparat bahadır. Əlbəttə, kosmetoloq proseduru ucuz edirsə, demək, preparatı da ucuz alıb. Keyfiyyətsiz preparatlarla bağlı şirkətlər cavabdehdi. Həkimin əl işindən çox şey asılıdır. Əgər kosmetoloq özünə güvənirsə və əmindir ki, etdiyi prosedur gələcəkdə bir problem yaratmayacaq, onda baha qiymət qoyur. Əl işindən əmin olmayanlar isə ucuz qiymətə edir.

- Bəs, botokslarda olan qiymət fərqi nədən irəli gəlir? 

- Bu gün botoksla bağlı şikayətlər çoxdur: göz qapağının sallanması, qaşların simmetriyası. Botoksun tərkibinə maye qatılır. Bu mayenin çox qatılması da bu cür problem yaradır. Təəssüflər olsun ki, botoks ucuz qiymətə alınır. Xanımların əksəriyyəti də bu cür ucuz qiymətlər təqdim edən kosmetoloqların yanına qaçırlar. Ola bilsin ki, indi effekt sizi qane edəcək. Amma bir ildən sonra onun fəsadlarını görəcəksiniz. Üzdə bir çox əyilmələr yaranır, orqanizmə ziyandır. Keyfiyyətsiz botokslar qaraciyərə də təsir edir. 

"UCUZ DOLĞULAR ÜZ YOX, BƏDƏN ÜÇÜNDÜR" 

- Son günlər sosial şəbəkədə qarşımıza çıxan 50-60-70 manatlıq dolğular nədir? Niyə qiymətlər bu qədər ucuz təqdim edilir?

- İndi hamının diqqətini çəkən budur. Üstündə hətta hədiyyə də verilir. Bunlar əslində bədən dolğularıdır. Onları ucuz təqdim etmək normaldır. Bədən dolğusunu üzə vururlar. Bunun necə ziyanlı olduğunu təsəvvür edə bilməzsiniz. Bədən və üz dolğusunun tərkibi fərqlidir. Bədən üçün olan dolğunu üzə vuranda ilk vaxtlar şişkinlik olur. Pasient bunu bəyənə bilər. Amma bunlar 2-3 ay effektli qalır. Dodaq dolğusunda, sərt çənədə bunu istifadə etmək istənilən nəticə verə bilməz. Dolğular o qədər fərqlidir ki... Hətta yanağa edilən dolğu da çənə və dodaq dolğusundan fərqlənir. yanaq dolğusunu da xüsusi vurma qaydası var. Düzgün nahiyəyə vurulmayan dolğu axıb çənəyə tökülə bilər.

Bədən dolğuları kosmetoloqların işi deyil. Xanımlar bunun üçün cərrahlara müraciət etməlidir. Ümumiyyətlə bədənə dolğunu məsləhət görmürəm. Ola bilsin ki, plastik əməliyyatdan sonra nəsə korreksiyaya ehtiyac var. Onda bunu etmək olar. Bədən dolğuları korreksiya üçündür, bədənə forma vermək olmaz. Çünki fəsadları böyükdür. Bədənə dolğu vurulanda irin verir, nəticədə yenə cərrah yanına getməli olurlar.

KEYFİYYƏTLİ MƏHSULU NECƏ AYIRD ETMƏK OLAR? 

- Müştəri necə bilə bilər ki, getdiyi kosmetoloq keyfiyyətli məhsul istifadə edir?

- Xanımlara demək istəyərəm ki, kosmetoloqa gedəndə istifadə etdikləri preparatların sertifikatını tələb etsinlər. Beləcə, istifadə edilən məhsulun hansı keyfiyyətdə olduğunu görə bilərlər. Keyfiyyətli preparatlar heç vaxt hazırda dəbdə olan qiymətlərə edilə bilməz. Xanımlara məsləhət görürəm ki, üzünüzə edilən prosedurlara fikir verin. Ya keyfiyyətli məhsulu edin, ya da təbii qocalmaya üstünlük verin.

- Botoks və dolğular üçün yaş həddi var?

- Əvvəl xanımlar 30 yaşdan sonra botoks vurdururdu. İndi isə 25 yaşında bir xanım da müraciət edir. Baxırsan, həqiqətən də qırışlar var. Bu zaman yarım doz botoksla qırışları açmaq olar.

- Botoksun vaxtı bitəndən sonra o qırışlar daha da çoxalır?

- Dərinləşmir, əksinə əvvəlki qırış azalır. Mütləqdir botoks düzgün nöqtədən vurulsun. Əks halda qırışlar daha da artır. Botoks ən çox göz, alın nahiyəsində, qolaltı və əllərin içində istifadə olunur. Dolğunu isə çənə assimetriyasında, ağızətrafı qırışlarda istifadə edirlər. Hələ də sünii dolğudan istifadə edən həkimlər var. Bu, yumrulaşır, bərkiyir, dodaq əyilir. Təbii dolğular isə 1 və ya bir il yarım qalır.

- Bildiyimiz qədəri ilə dolğular təkcə dodaq böyütmək üçün deyil. Eyni zamanda burun şəkilləndirmə də olur.

- Dolğu dodaq formasını düzəltməkdə, çənə assimetriyasında da istifadə olunur. Bir də burun formasını plastik əməliyyatsız düzəltmək mümkündür. Çox gözəl bir prosedurdur. Təbii dolğu ilə xanımlar komplekdən azad ola bilər. Amma hər şey qədərində edilməlidir. Hər şeyin artığı ziyan olduğu kimi, kosmetoloji prosedurda da belədir.

"HƏDDİNDƏN ARTIQ BÖYÜK DODAQ, YANAQ VƏ UZUN ÇƏNƏ..."

- Hazırda görürük ki, xanımlarda hədsiz yanaq və dodaq böyütmək halı dəb alıb...

- Xanımlara məsləhət görürəm ki, kiçik toxunuşlar etsinlər. Həddindən artıq böyük dodaq, uzun çənə, yanaq edilir. Xanımlar bir-biri ilə bəhsə girirlər. Pasientlərə heç vaxt artığını məsləhət görmürəm. Yanlış vurulan dolğuları xüsusi preparatla əritmək mümkündür. Amma sünii dolğuları preparatla əritmək olmur. Bunlar cərrahi prosedur tələb edir.

- Xanımların üz gözəlliyi üçün tək kosmetoloji prosedur botoks və dolğudan ibarət deyil...

- Botoks və dolğu ilə yanaşı dərini təravətli saxlamaq mütləqdir. Ən çox xanımlara biorevitalizasiya prosedurunu məsləhət görürəm. Bu, hialuron turşusu inyeksiyaları ilə dərinin cavanlaşdırılmasıdır. Çox gözəl bir prosedurdur. Pilinqlər, plazma da üz üçün önəmli olan prosedurlardandır. Pilinqlər üç növdədir: ağır, orta və yüngül. Problemli dəriyə ağır pilinq etmək olmaz. Pilinq üçün qış ayları daha uyğundur. Bu prosedurdan sonra günəş şüası olmamalıdır. Üz və əllər bədəndə geyimlə örtülməyən bir prosedurdur. Buna görə də həm üz, həm də əl dərisi baxım tələb edir. İldə bir dəfə pilinq edilsə, heç də pis olmaz.

"GÖZALTI İŞIQ DOLĞULARINA DİQQƏT!"

- Bir də müasir dövrdə kosmetologiyada gözaltı işıq dolğusu deyilən bir prosedur yaranıb... 

- Gözaltı çox həssas nahiyədir. Burada istifadə olunan preparatlara diqqət edilməlidir. Ən keyfiyyətlisindən istifadə edilməlidir. Həm də kosmetoloq pasientin gözaltı qaralığının nədən yarandığını bilməlidir. Bəzən bu orqanizmlə bağlıdır, kosmetoloq preparat vurursa, ağırlaşır. İşıq dolğuları çox az hallarda müsbət effekt verir. Bir çox kosmetoloq onu yaxşı, uğurlu edə bilmir. İlk növbədə preparat ən keyfiyyətlisi olmalıdır. Pasientlər bilməlidilər ki, bu dolğuların qiyməti çox bahadır. Bəzən götürüb dodaq dolğusunu gözaltına vururlar, bunu da ucuz edirlər.

- Peşəkar bir həkim-kosmetoloq kimi xanımlara məsləhətiniz nədir?

- Xanımlar ucuz prosedurlara qaçmasınlar. Özlərini sevsinlər, təbilik gözəldir. Amma ucuzdur deyə etdirdikləri prosedurlar fəsadlar yaradır. Bunu düzəltmək üçün isə daha çox pul xərcləməli olurlar. Onu düzəltmək də peşəkarların öhdəsinə düşür.

Video: Sənan Bağırov 

Həkim-kosmetoloq Sevinc Əskərova ilə əlaqə nömrəsi: (994) 050 731 91 22

İnstaqram: @by_sevas