İlk konsertindən 1 manat qazandı, xəyanət yaşadı - 51 yaşlı Aygün Kazımova

İlk konsertindən 1 manat qazandı, xəyanət yaşadı - 51 yaşlı Aygün Kazımova
5308 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür. Müğənni 51 yaşını qeyd edir.

Axşam.az xəbər verir ki, Kazımova yenə də özəl gününü yaxınlarının ətrafında qeyd etmək qərarına gəlib.

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakıda anadan olub. Ailənin dördüncü - sonuncu övladıdır. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman Ozan qrupunun solisti olaraq çıxmışdır. 1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" Vokal İnstrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Aygün Kazımova "Aypara" qrupunun solisti olan zaman, Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə", "İlahi" adlı mahnını duet şəklində ifa edib.

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını oxuyub.

1989-cu ilin 24 dekabında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçıb. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib. Çox qısa müddət sonra Aygün 1991-ci ildə həyat yoldaşından ayrılıb. Buna əsas səbəb isə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub. 

İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olub.

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edib. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak etdən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edib.

1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak edib. 1994-cü ildə "İtgin gəlin" mahnısı ilə yenidən səs-küy salmağı bacarıb.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verib. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanıb.

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. O, yarışmada üçüncü yeri tutub.

İllər boyu hit olan "Gecələr keçir", "Vokaliz", "Qoy işığı söndürüm", "Tənha qadın", "Ya i tı" kimi mahnıları ilə gündəmdən düşməyib. 2000-ci ildə Heydər Əliyev Sarayında "Ya devuşka vostoçnaya" adlı solo konsertini verib. Bu ildə "İlin müğənnisi", "İlin konserti" — "Aygün bir gün", "İlin hiti" — "Gecələr keçir" Qrand milli mükafatlarına layiq görülüb.

2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Aygün bir neçə ay gündəmi məşğul etməyi bacarıb. Türkiyəli model Mert Kılıc ilə "aşk yaşadığını" deyən Aygün müsabiqəyə böyük reytinq qazandırdı. Yarışma bitəndən sonra "Mert aşkı" da bitdi.  2002-ci ildə "Best Model of Azerbaijan – 2002" müsabiqəsində Aygün Kazımovanı "Super Star" adı ilə təqdim edirlər və bütün ölkədə onu "Super Star" ləqəbi ilə təqdim etməyə başlayırlar.

2005-ci ildə Aygün Kazımova sərhədləri daha da genişləndirdi. Rusiyanın Novossibirsk şəhərində 28 may tarixində "Ya devuşka vostoçnaya" konserti baş tutub.

2007-ci ilin 20 iyun tarixində, Tofiq Bəhrəmov adına Respublika stadionunda verdiyi "Öpsən" adlı konserti də Aygün Kazımovanın növbəti hay-küylü layihəsi olub. 2013-cü ilin avqustunda dünya şöhrətli amerikalı reper Snupp Doqla "Coffee from Colombia" duetini təqdim edib.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub, amma Aygün təşkilatçıların erməni olması səbəbi ilə imtina edib. 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.

2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. 2017-ci ildə 3 plastik əməliyyat keçirib. "Cücələrim" mahnısını yeni formatda təqdim edib.

Hər il ənənəvi olaraq, öz doğum günündə yeni layihə təqdim edən Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalaraq, 26 yanvar 2021-ci ildə "Bu qadın" sinqlını dinləyicilərinin ixtiyarına verib. Ötən ilin sonunda isə "Я в Нирване" rusdilli albomunu təqdim edib. İllərdir şou-biznesin qalmaqallarından uzaq olan Kazımova yalnız fotosessiyaları, mahnıları, klipləri və konsertləri ilə gündəmdə qalır.

Bu gün Kazımova yenə də özəl günündə pərəstişkarlarını unutmayıb. O, yeni albomunda yer alan mahnılardan birinə çəkdirdiyi klipini təqdim etmək qərarına gəlib.