Ukrayna Prezidenti Volodimir Zelenski bu gün 119 nəfərə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Axşam.az xəbər verir ki, "qara siyahı"ya salınanlar arasında rusiyalı məşhurlarla yanaşı ukraynalı tanınmışlar da yer alıb.
Belə ki, siyahıya Rusiyanın Xalq artistləri Nikita Mixalkov, Filipp Kirkorov, Anna Netrebko, musiqiçi Aleksandr F.Sklyar, "Россия сегодня" xəbər agentliyinin baş direktoru Dmitri Kiselev, müğənnilər Sergey Lazarev, Stas Piexa, yazar Aleksandr Proxanov, balet artisti Vladislav Lantratov və başqalarının adları daxildir.
Sanksiyanın tətbiq edildiyi Ukrayna vətəndaşları arasında isə teleaparıcı Janna Badoyeva, futbol üzrə ölkənin milli komandasının keçmiş kapitanı, hazırda Sankt-Peterburq şəhərini təmsil edən “Zenit” klubunun baş məşqçisinin köməkçisi Anatoli Timoşçukun adları var.
Sanksiyalara hesabların bloklanması, iqtisadi və maliyyə öhdəliklərinin, mədəni mübadilələrin və əməkdaşlığın dayandırılması, Ukraynaya girişin qadağan edilməsi, ölkənin dövlət mükafatlarından məhrum edilməsi və s. daxildir.
Bu məhdudiyyətlər 10 il müddətində qüvvədə qalacaq.
Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.