Bülbülün xatirəsi yad edildi - Fotolar

Bülbülün xatirəsi yad edildi - Fotolar
371 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 20-də III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycan milli musiqi teatrının banilərindən biri, unudulmaz lirik-dramatik tenora malik olan opera müğənnisi, musiqişünas-folklorçu, pedaqoq, SSRİ Xalq artisti Bülbülün xatirəsinə həsr olunmuş “Bülbül vokal məktəbi” adlı konsert proqramı təqdim olunub.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbül oğlu giriş sözü ilə konserti açaraq Bülbülün adının qorunub saxlanmasına görə ideya müəllifi, festivalının bədii rəhbəri, Əməkdar artist Ramil Qasımova dərin minnətdarlığını bildirib. Dahi vokalçının oğlu qeyd edib ki, Əməkdar artistin müəllimi Xalq artisti Mobil Əhmədov Bülbülün şagirdi olub. Məhz onun Bülbül vokal məktəbinin ənənələrini davam etdirməsinə görə Polad Bülbüloğlu Ramil Qasımovu görkəmli şuşalının nəvəsi adlandırıb.

Festivalın bədii rəhbəri çıxışında Bülbül vokal məktəbinin əhəmiyyəti və ənənələri haqqında danışıb. Əməkdar artist, həmçinin festivalın keçirilməsində hərtərəfli dəstəyə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Festivalın beşinci gecəsi Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri və “Çənlibel” xorunun ifasında “Koroğlu” operasından uvertüra ilə başlayıb. Dirijor qismində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Kunmun Filarmoniya Orkestrinin (Çin) dəvətli baş dirijoru, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatı laureatı, beynəlxalq müsabiqələr laureatı Eyub Quliyev çıxış edib.

Tədbirdə, həmçinin Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Ramil Qasımov, Fəridə Məmmədova, Elnarə Məmmədova, Anton Ferştandt, İnarə Babayeva, solistlər Mahir Tağızadə və Taleh Yəhyayevin ifasında Azərbaycan operalarından ariyalar səsləndirilib.

Konsert proqramının sonunda ilk dəfə olaraq bəstəkar Faiq Sücəddinovun İlqar Fəhminin “Rekviyem”inin sözlərinə yazılmış əsəri təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu əsəri Atəş Qarayev və Lalə Sultanlı ifa ediblər.