Qara Qarayevin xatirəsi yad edildi - Fotolar

Qara Qarayevin xatirəsi yad edildi - Fotolar
363 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 5-də görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsi onun adını daşıyan ev-muzeyində anılıb.

Axşam.az xəbər verir ki, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Fəxri xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Muzeydə davam edən tədbirdə Xalq artistləri Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Murad Adıgözəlzadə və digər tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini diqqətə çatdırıb. O, dahi bəstəkarın Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu və hələ sağlığında ölkəmizin rəmzinə çevrildiyini qeyd edib.

Qara Qarayevin ev-muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva tədbirin iştirakçılarına təşəkkür edib: “Atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. İllər keçsə belə yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram. Bu gün onun yubiley əsərləri səsləndiriləcək”.

Sonra Q.Qarayevin 1954-cü ildə yazdığı “Vyetnam süitası”nın Hanoy şəhərində Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestrinin ifasının videogörüntüləri nümayiş olunub.

Ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Nigar Axundova və Əməkdar incəsənət xadimi, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Zümrüd Dadaşzadə çıxış edərək Qara Qarayevin yaradıcılığının bütün janrları əhatə etdiyini və onun əsərlərinin dünya musiqi mədəniyyətinin xəzinəsinə daxil olduğunu diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev və Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müəllimi Nigar Hüseynzadə “Vətən” operasından Mərdanın ariyasını ifa ediblər.

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri bəstəkarın əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.