Tofiq Tağızadənin xatirəsi yad edildi - Fotolar

Tofiq Tağızadənin xatirəsi yad edildi - Fotolar
556 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Axşam.az xəbər verir ki, anım tədbirində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun inkişafında Tofiq Tağızadənin xüsusi rolunu qeyd edib, rejissorun çoxşaxəli yaradıcılığının bu gün də tamaşaçılar tərəfindən sevildiyini vurğulayıb.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra kinostudiyada işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiyini xatırlayıb.

Sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev T.Tağızadə ilə səmimi münasibətlərindən danışıb, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından bəhs edib, sonda Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.