Belarus Kinosu Günlərinin açılışı olub - Fotolar

Belarus Kinosu Günlərinin açılışı olub - Fotolar
129 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində keçirilən Belarus Kinosu Günlərinin açılış mərasimi olub.

Axşam.az xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət və ictimai xadimləri iştirak edib. Azərbaycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirib. Bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı 1-3 aprel tarixlərində Azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq.

“Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb. Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.

Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib.

Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.

Qeyd edək ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi, Belarus xalq sənətkarlıq nümunələri sərgisi və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.