Azər Paşa Nemətovun xatirəsi yad edildi - Fotolar

Azər Paşa Nemətovun xatirəsi yad edildi - Fotolar
1277 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Azər Paşa Nemətovun vəfatından 1 il ötür.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və tələbələrinin iştirakı ilə İkinci Fəxri xiyabanda Xalq artistinin məzarı ziyarət olunub.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib: "Bu gün böyük sənətkar haqqında keçmiş zamanda danışmaq hər kəs üçün çətindir. Azər Paşa Nemətov incəsənətimizin tarixinə adını qızıl hərflərlə yazıb. O, hər zaman gənc istedadlara böyük diqqət göstərib. Ölməz sənətkar daim qəlbimizdə və incəsənətimizdə yaşayacaq".

Xalq artisti Hacı İsmayılov çıxışında Azər Paşa Nemətovun arzusunun rejissor kimi fəaliyyət göstərmək olduğunu söyləyib: "Azər Paşa Nemətov Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıcılıq istiqamətini dəyişib. O, 1973–1974-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi çalışıb. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq işlədikdən sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirib və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb. 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olub, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutub. Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik edib. İndi də onun bizlərə qoyduğu ənənəni layiqincə davam etdirməyə çalışırıq".

Azər Paşa Nemətovla möhkəm dostluq əlaqələrinin olduğunu bildirən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi vurğulayıb: "Onun vəfatı sənəti sevən və başa düşən insanlar üçün heç də asan deyil. Biz daim sənət sahəsində bir çox məsələləri müzakirə etmişik. Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan olan Azər Paşa Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq".

Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Xalq artisti haqqında danışarkən bu sözləri deyib: "Rejissorun tamaşaları onun avtobioqrafiyasıdır. Azər Paşa Nemətov 1970-ci ildə ilk tamaşasını qurdu və Azərbaycan teatr tarixində yeni eranın başlanğıcını qoydu. Böyük sənətkar durmadan bu peşənin sirlərini öyrənmək istəyirdi. Mən hesab edirəm ki, o, avanqard teatr nümunəsi yaradıb. Sənətkarda yüksək teatr zövqü var idi. Eyni zamanda, Azərbaycanın və dünyanın görkəmli yazıçılarının əsərlərini yüksək səviyyədə, xüsusi bədiiliklə səhnələşdirib. 44 günlük müharibədə qazandığımız Qələbə ilə bağlı qurduğu "Zəfər yolu" tamaşası izləyicidə yüksək ruh yüksəkliyi və vətənpərvərlik hisslərini daha da qüvvətləndirib".

Teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə söyləyib ki, insan bioqrafiyanı yaradır və şöhrətləndirir. "Rejissorun yaradıcılığından nə qədər danışsaq, yenə də az olar. Azər Paşa Nemətov şərəfli ömür yaşadı. Azər Paşa Nemətov Azərbaycanda teatr sahəsinə əvəzolunmaz töhfə verib",- deyə o əlavə edib.