Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub

Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub
262 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəaliyyəti daim ictimaiyyətə açıq olan, mütəmadi olaraq istehsal müəssisələrinə mediatur təşkil edən “Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq media mənsublarını istehsal müəssisəsinə dəvət edib.

Axşam.az xəbər verir ki, budəfəki tur “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinə olub.

Jurnalistləri qarşılayan fabrik müdiri Əli Məmmədov kağızın təkrar emalı prosesi haqqında geniş məlumat verib. Prosesin bir neçə mərhələdən ibarət olduğunu qeyd edən mütəxəssis bildirib ki, qəbul olunan tullantılar çeşidləndikdən sonra su ilə qarışdırılaraq xəmir alınır. Növbəti mərhələdə isə alınan xəmir kütləsi aparatlarda kağız halına gətirilir və buxarda qurudulduqdan sonra rulonlanır.

Fabrik müdiri istehsal prosesində istifadə edilən bütün avadanlıqların müasir texnoloji standartlara uyğun olduğunu və xaricdən gətirildiyini qeyd edib.

Müəssisənin illik istehsal gücünün 50 000 ton olduğunu qeyd edən Əli bəy bildirib ki, bunun sayəsində ildə 850 min ağacın kəsilməsinin qarşısı alınır. Belə ki, 1 ton tullantı kağızın təkrar emalı 17 ağacın qorunmasını təmin edir.

AKKİK-ə təşkil edilən mediatur çərçivəsində fabrikdə çalışan mütəxəssislər jurnalistləri proseslə əyani tanış edərək, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 10 illik fəaliyyəti dövründə təxminən 8.5 milyon ağacın qorunmasını təmin edən bu fabrik “Azərsun Holdinq”in həyata keçirdiyi ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir. Fabrik eyni zamanda tullantıların idarə edilməsinə dair bir çox ekoloji maarifləndirmə layihələri icra edir.