“Mətanətin mənəvi anasıyam”
Aparıcı Şərqiyyə Hüseynova həmkarı Mətanət Əliverdiyevanın anası olması ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.
Axşam.az-ın məlumatına görə, teleaparıcı “Onlar” verilişinə açıqlamasında M.Əliverdiyeva ilə aralarında heç bir qohumluq əlaqəsinin olmadığını bildirib:
“Bizim səsimiz oxşayır və bununla çox fəxr edirəm. Hətta üz cizgilərimizdə də bənzərlik var. Amma mən onun bioloji anası deyiləm, mənəvi anasıyam".
Ş.Hüseynova hazırda fəaliyyət göstərən gənc aparıcılardan da danışıb:
"Tamaşaçılar əvvəl tanıyırdılar ki, Ofelya Sənani, Natavan Şeyxova kimdir. Bir televiziya fəaliyyət göstərirdi, hamımız da orada çalışırdıq. İndi neçə telekanal var. Hər kəsi yadda saxlamaq mümkün deyil. Aparıcı üçün xarici görünüş önəmlidir. Amma məlumatlı da olmalıdır. O, hər sahədə veriliş aparmağı bacarmalıdır: tibb, siyasət, şou... Zaur Baxşəliyevi sevirəm. Efirdə sərbəstdir, xarici görünüşü var, bütün sahələrdən məlumatlıdır. Afaq Gəncəlini də bəyənirəm - gözəldir, savadlıdır. ATV-nin xəbər aparıcıları - Samirə Mustafayeva, Ceyhun Əli və Ceyhun Səfərovun yaxşı nitq qabiliyəti var. Elə aparıcı olmaq lazımdır ki, tamaşaçını qıcıqlandırmağı bacarasan”.