Daha bir şəhidin medalı ailəsinə verildi - fotolar

Daha bir şəhidin medalı ailəsinə verildi -  fotolar
1897 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 31-dən avqustun 1-nə keçən gecə Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimov Müdafiə naziri Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Axşam.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Köçəkli kəndində  medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə respublika Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri, ağsaqqallar və ziyalılar  iştirak ediblər. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsi üzrə sədri, şair Ənvər Əhməd və digərləri çıxış edərək şəhidlərin ölməzliyi,vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin daim yaşarı olması bir daha vurğulamaqla, onların ruhlarını ehtiramla anıblar.

Daha sonra Abdulla Qurbani şəhid Əli Rəhimovun təltif olunduğu medalı onun qardaşı  Zakir Rəhimova təqdim edib. Öz növbəsində ailəsi adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən Zakir Rəhimov vətənin müdafiəsinin hər şeydən  vacib olduğunu, özünün və bütün ailə üzvlərinin daim vətənin müdafiəsnə daim hazır olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib.

Mərasim şəhidin qəbrinin ziyarət edilməsi ilə başa çatıb.