İftara bunları hazırlaya bilərsiniz

İftara bunları hazırlaya bilərsiniz
429 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar menyusu üçün reseptlər təqdim edir:

Balqabaq şorbası

Ərzaq:
500 qr. balqabaq
2 ədəd kartof
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd qırmızı çili bibəri
200 qr. pomidor şirəsi
100 ml. qaymaq (20 % və ya çox )
3 xörək qaşığı zeytun yağı
zövqə görə üyüdülmüş muskat qozu
duz, istiot
üzəri üçün göyərti

Hazırlanması:

İlk öncə balqabağı yuyun, qabığını soyun və kub şəklində doğrayın. Kartofları da kub şəklində doğrayın. Soğanı da həmçinin eyni qaydada qabığını soyub kub şəklində doğrayın. Sarımsaqları və bibərləri xırda doğrayın. Tavada doğranmış soğan, sarımsaq və  bibəri təxminən 3-5 dəqiqə zeytun yağında qovurun. Başqa bir qazanda suyu qaynadın. Qaynayan suya doğranmış balqabaq və kartofu tökün (su tərəvəzləri 1 sm örtməlidir). Orta odda 15 dəqiqə qaynadın. Qovurduğunuz soğan qarışığını qaynayan tərəvəzlərin üzərinə əlavə edin. Duz, istiot və bıçağın ucunda muskat qozunun tozunu əlavə edib daha 15 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün və süzün. Bişən tərəvəzləri blenderdə əzin. Tərəvəz püresini qazana tökün və süzdüyünüz tərəvəz bulyonunu da əlavə edib qarışdırın (və ya elə qazanda tərəvəzləri blenderdən keçirə bilərsiniz.) Şorbaya pomidor şirəsi və qaymaq əlavə edib qarışdırın. Orta odda daha 5 dəqiqə qaynadın və kasaya töküb süfrəyə verə bilərsiniz.

Souslu balıq

Ərzaq:
Balıq əti - 1 kq.
Sirkə - ½ stəkan
Sarımsaq - 5 - 6 diş
Bir limonun şirəsi
Duz zövqə görə

Sous üçün:
Doğranmış soğan - 200 qr.
Doğranmış pomidor - 200 qr.
Xırda doğranmış göyərti - 2 dəstə
Zeytun yağı - ½ stəkan
Sirkə - ½ stəkan
Duz zövqə görə

Hazırlanması:
Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın. Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.

Şokolad vulkan

Ərzaqlar:

500 qr. şokolad
1.5 stəkan un
1.5 stəkan pudra şəkəri
7 ədəd yumurta
2 xörək qaşığı kərə yağı

Hazırlanması:

Şokoladı kiçik hissələrə bölün, şüşə qaba qoyun və yanına kərə yağını əlavə edin. qaynar su olan qaba qoyun və əridin. Digər qabda yumurta, pudra şəkərini mikserlə qarışdırın. Ərimiş şokoladı içinə əlavə edin və qaşıqla qarışdırın. Üstünə un töküb qarışdırın. Sobaya qoya biləcəyiniz şüşə qablara töküb, 180 dərəcə isidilmiş sobada 12 dəqiqə bişirin.