Ayağına prosedur etdirən paytaxt sakini Zarina Minkovskaya aylardır ki, həmin yerdən irin axdığını iddia edir.
Axşam.az xəbər verir ki, şikayətçi görünüşü yaxşı olsun deyə 5-6 il əvvəl “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyeva tərəfindən onun ayağına gel vurulduğunu deyib.
Ötən il isə o yenidən həmin həkimə eyni prosedur üçün müraciət edib. Amma bu dəfə prosedurun gel ilə yox, başqa formada ediləcəyini deyiblər.
Vətəndaş bildirib ki, prosedurdan sonra iki ayağında çox şiddətli ağrılar olub. O, özü müayinəyə gedib.
Zarina Minkovskaya iddia edir ki, həmin müddətdə yeriyə bilmədiyinə görə işini itirib. O bildirir ki, kosmetoloq cərrahi prosedurun ödənişini öz üzərinə götürsə də, sadəcə xəstəxana xərclərini verib.
Məsələ ilə bağlı suallara özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verib. O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:
“Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Sadəcə, Zarina Minkovskaya prosedurdan sonra olan gigiyena qaydalarına əməl etməyib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyatı orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik".
“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: