NWA 16788 meteoritinin ən böyük parçası Nyu-Yorkda hərracda satılıb.
Axşam.az xəbər verir ki, bu barədə Sotheby’s məlumat yayıb. Marsdan gəlmiş bu parça rekord qiymətə, 5,3 milyon dollara alıcıya təqdim olunub.
Alimlərin fikrincə, bu meteorit parçası Marsın səthindən bir asteroidlə toqquşmadan sonra qopub. O, 225 milyon kilometrlik kosmik məsafəni qət edərək Yerə, Sahara səhrasına düşüb. Parça 2023-cü ilin noyabrında bir meteorit araşdırmacısı tərəfindən tapılıb.

Marsdan gəlmiş bu parçanın kimin aldığı hələlik məlum deyil, çünki alıcının adı açıqlanmır.
Qeyd edək ki, bu, bu günə qədər Yerə düşən ən böyük Mars parçasıdır. Onun çəkisi 25 kiloqramdır və xarici görünüşü, kimyəvi tərkibi olduğu kimi qalıb. Daşın səthi qırmızı-qəhvəyi qabıqla örtülüb, Yer atmosferinə daxil olarkən yaranmış çökəkliklərə malikdir.
Meteorit ilk dəfə 13 iyun tarixində hərraca çıxarılıb. Ondan əvvəl daş İtaliyanın Arezzo şəhərindəki şəxsi qalereyada saxlanılırdı və 2024-cü ildə İtaliya Kosmik Agentliyinin sərgisində nümayiş etdirilmişdi.
