"Səhnədə komediya oynayıram. Birdən xəbər gəldi ki, nəvəm Əhmədpaşa xəstəxanaya götürülüb. Nə hala düşdüm. Uşağı çox sevirəm və onlara görə hər zaman qorxuram: bütün günü deyirəm hardasınız, hara getdiniz. Birdən direktor telefonu göstərdi ki, həkim deyir nənəsi mənimlə danışsın. Səhnədə oynayıram, pərdənin arxasında telefonla həkimə söz deyirdim".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Real TV"də qonaq olarkən deyib. Aktrisa nəvələrindən danışıb:
"Həyatda qoruduqlarım, nigaran qaldığım övladlarım var. Sakit insan deyiləm. Hər dəqiqə telefondayam, haradasınız, nə edirsiniz. Hərdən telefonu söyürəm. Hərdən də deyirəm, Allah bunu çıxardanın atasına rəhmət eləsin. Ancaq telefonda oluram ki, qapını, pəncərəni bağladınız, hardasınız? Telefon qulağımda yuxuya gedirəm".
Səhhətində yaşadığı problemdən söz açan A.Bəşirqızı "Elə bir vəziyyətdə idim ki... Vaxt olub ki, hər aktyorun əlində bir dərmanım olub. Səhnədə oynayırdım, dərman atırdım. Həmin an Bəşir Səfəroğlu (atası - red.) yadıma düşdü. Ona da iynə vururdular səhnəyə çıxırdı. Bəzən paltarını spirtləyirdilər ki, mikrob qapmasın" sözlərini söyləyib.
Qeyd edək ki, A.Bəşirqızının bir oğlu, Bəşir və Əhmədpaşa adlı iki nəvəsi var.