"Mən qardaşdan yetim qaldım" - Tahir İmanov

"Mən qardaşdan yetim qaldım" - Tahir İmanov
9139 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aləmlərin Rəbbi uca Allaha and olsun ki, bu gözəl günləri bizə nəsib etdi. 49 il gözəl, işıqlı ömür yaşadı: qayğısız, Şuşalı, Şuşasız və indi də Allaha şükürlər olsun, Şuşalı günlər yaşadı. Həyatımızın mənası haqda çox danışmışıq. Cabir nümunəvi vətəndaş, ata, oğlu, qardaş idi. Mən ondan böyük olmuşam. Çox şeyləri ondan öyrənmişəm. Bəlkə də ona görə məndən qabağa getdi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir İmanovun vida mərasimində qardaşı Tahir İmanov deyib. O, qardaşı ilə bağlı danışarkən kövrəlib:

"Söhbət ona dövlət tərəfindən verilən şərəfli vəzifədən gedir. Harada olur olsun, "KVN" illərində, ondan sonra da məqsədimiz Şuşa idi. Bunu ilk dəfə burada açıqlayıram. Müharibə başlayan gün ailəsini mənə tapşırdı ki, mən gedirəm müharibəyə. Amma dövlətimiz dedi ki, sənin növbən çatmayıb. Ondan xəbərsiz mən də getdim. Biz belə böyümüşük. Ürəyimiz vətən həsrəti ilə yanıb.

Şuşa azad olunandan sonra ona orada ilk konserti təşkil etmək tapşırıldı. Soruşdu ki, mənimlə Şuşaya gedirsən? Məni Şuşaya apardı. Son 5 ildə Şuşa, Qarabağ sözü ilə yaşadı. Keçən il oğlunun bir yaşı tamam olmamış apardı Şuşaya. Dedi ki, qoy gedib uşaqlıqdan sevsin oranı.

5 gün bundan əvvəl də ailəlikcə oraya getdik. Keçən həftənin 3-cü günü qayıtmışdıq. Süleyman Ələsgərov haqqında bədii film çəkirdik. Cabir də o sonluqda çəkildi. Sonra son dəfə onunla Şuşamızı gəzdik (kövrəlir). Deyirlər atadan-anadan yetim qalırlar, xeyr, mən qardaşdan yetim qaldım".