Trevi fəvvarəsinə giriş ödənişli oldu

Trevi fəvvarəsinə giriş ödənişli oldu
492 dəfə oxunub
  • A-
  • A
  • A+

Romada şəhərin ən məşhur görməli yerlərindən biri olan Trevi fəvvarəsinə giriş ödənişli olub.

Axşam.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Giriş haqqı 2 avro təşkil edir. Ödəniş iş günləri saat 11:30-dan 22:00-dək, həftə sonları isə 09:00-dan 22:00-dək tətbiq olunacaq. Roma şəhərinin sakinləri, əlilliyi olan şəxslər və onları müşayiət edənlər, eləcə də 6 yaşadək uşaqlar ödənişdən azaddır.

Şəhər meriyasında bildirilib ki, girişin ödənişli olması turist axınını daha nizamlı etməyə kömək edəcək. Şəhər hakimiyyətinin hesablamalarına görə, Trevi fəvvarəsi hər il büdcəyə təxminən 6,5 milyon avro gəlir gətirəcək.

Ənənəyə uyğun olaraq fəvvarəyə atılan sikkələr əvvəlki kimi xeyriyyə məqsədləri üçün istifadə olunacaq. Girişdən toplanan vəsait isə şəhər büdcəsinə yönəldiləcək və abidənin qorunmasına, həmçinin turist axınının idarə olunmasına sərf ediləcək.

Rəsmilərin sözlərinə görə, 2024-cü ilin dekabrından 2025-ci ilin dekabrınadək Trevi fəvvarəsini 10 milyondan çox insan ziyarət edib. Hər il fəvvarədən onlarla ton sikkə çıxarılır. Təkcə 2024-cü ildə toplanan sikkələrin çəkisi 33 ton olub və onların ümumi dəyəri rekord göstərici — 1,6 milyon avro təşkil edib.

Qeyd olunur ki, Trevi fəvvarəsinin illik gəliri Romadakı orta səviyyəli muzeyin qazancını belə üstələyir.