"Alfa-Bank"ın keçmiş top-meneceri Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı Aliya müvəqqəti saxlama təcridxanasında intihar edib.
Axşam.az xəbər verir ki, bu barədə "Life.ru" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
46 yaşlı Aliyanın meyiti fevralın 7-də tapılıb. "Baza" teleqram kanalının məlumatına görə, o, Qalitskaya intihar məktubu qoyub və baş verənlərə görə günahı 70 yaşlı milyarderin üzərinə atıb.
Xatırladaq ki, intihardan bir gün əvvəl Aliya keçmiş sevgilisindən 150 milyon dollar pul tələb etməkdə şübhəli bilinərək iki aylıq həbs qətimkan tədbiri ilə saxlanılıb. İstintaqın versiyasına görə, o, yazışmalar, telefon zəngləri və şəxsi görüşlər vasitəsilə Qalitskidən pul tələb edib, onun reputasiyasına və maraqlarına zərər verə biləcək məlumatları yaymaqla milyarderi hədələyib. Qeyd olunur ki, bundan az əvvəl Aliya birgə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı iddia qaldırıb. Bu isə sahibkarın ümumilikdə 435 milyon rubl dəyərində əmlakına həbs qoyulmasına səbəb olub.
Qeyd edək ki, iki qızı olan cütlük rəsmi nikahda olmayıb və 2025-ci ilin martında ayrılıb. Bundan sonra onlar uşaqların qəyyumluğu məsələsi ilə bağlı dəfələrlə məhkəmədə qarşılaşıblar. Məhkəmə qızların ananın yanında qalmasına qərar versə də, Aliyanın sözlərinə görə, Aleksandr onları qaçıraraq naməlum istiqamətə aparıb. Daha sonra milyarder uşaqların yaşayış yerinin öz xeyrinə dəyişdirilməsini tələb edib və bunu onların atalarına daha güclü bağlılığı ilə əsaslandırıb. O, həmçinin Aliyadan aliment tutulmasında da israr edib.
Onu da əlavə edək ki, Aleksandr Qalitski rusiyalı milyarder və "Almaz Capital" vençur kapital fondunun və "ELVIS+" şirkətinin təsisçisidir. 2011-ci ildə "Forbes" sahibkarı Rusiya İT bazarının ən nüfuzlu şəxsi adlandırıb. O, "Alfa-Bank"ın direktorlar şurasında çalışıb, lakin 2022-ci ildə Ukraynada xüsusi əməliyyatın başlamasından sonra bankı tərk edib.