İftar süfrəsi üçün fərqli reseptlər

İftar süfrəsi üçün fərqli reseptlər
808 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir.

Qaymaqlı göbələk şorbası

Ərzaqlar:
1 paket qaymaq (200 ml)
400 qram göbələk
3.5 stəkan su
1 soğan
1 xörək qaşığı un
3 xörək qaşığı bitki yağı
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Üzəri üçün:
4 budaq doğranmış cəfəri

Hazırlanması:
Göbələyi kiçik parçalara və ya nazik dilimlərə kəsin. 1 quru soğanı kiçik kublara kəsin. Bir qazana 3 xörək qaşığı bitki yağı və 1 xörək qaşığı kərə yağı tökün və soğanı qovurun. Sonra göbələkləri əlavə edin və su buxarlanana qədər qovurun. 1 dolu xörək qaşığı un əlavə edin və bir neçə dəqiqə qovurun. Dayanmadan qarışdırın. Sonra 1 paket qaymaq əlavə edin və orta istilikdə qaynamağa başlayana qədər qarışdıraraq bişirin. 3,5 stəkan isti su əlavə edin, odu azaldın və daha 10 dəqiqə vam odda bişirin. Oddan götürməzdən əvvəl duz və istiot, doğranmış cəfəri əlavə edin.

Tunis kababı

Ərzaqlar:
4 kartof (uzun olanlar)
300 qram qiymə
1 soğan
1 bolqar bibəri
1 yaşıl bibər
3 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər

Sous üçün:
2 stəkan isti su
1 xörək qaşığı tomat pastası

Üzəri üçün:
1 kiçik kasa sürtgəcdən keçirilmiş çedar pendiri

Hazırlanması:
Kartofları yarıya bölün və içini boşaldın. Yüngülcə yağlayın və sobada əvvəlcədən bişirin. Qiyməni başqa bir qazanda qovurun. Soğan, bibər və yağı əlavə edin və qovurmağa davam edin. Bir az su əlavə edin və bişirin. Qarışığı bişmiş kartofun içinə qoyun. Sousu qarışdırın və üzərinə tökün. Sobada bişirin. 20 dəqiqədən sonra sürtgəcdən keçirilmiş pendiri əlavə edin və üstünü qızardın.

Osmanlı şərbəti

Ərzaqlar:
8-10 mixək
1 stəkan şəkər tozu
2 litr su
1 limon suyu
1 darçın çubuğu
500 qram qırmızı gavalı (qışda tapmasanız, başqa meyvə ilə əvəzləyə bilərsiniz)

Hazırlanması:
Əvvəlcə qazana 2 litr su, 1 darçın çubuğu, 8-10 mixək və 1 stəkan şəkər tozu əlavə edin. 5 dəqiqə qaynadıqdan sonra 500 qram qırmızı gavalı əlavə edin. Bir az daha qaynadıqdan sonra 1 limonun suyunu sıxın. Qaynayarkən, ara sıra üstündə əmələ gələn köpüyü çıxarın. Bir az qatılaşanda götürün.