Türkiyədə yayımlanan "Kim milyoner olmak ister?" şousunun növbəti iştirakçılarından biri Nail Əliyev adlı azərbaycanlı olub.
Axşam.az xəbər verir ki, onun həyat hekayəsi izləyiciləri təsirləndirib.
Nail bildirib ki, 2008-ci ildə Türkiyəyə universitetdə oxumaq üçün gedib, amma 2-ci kursda dostları ilə qəzaya düşüb:
"Çanakkale 18 Mart Universitetinin 2-ci kursunda oxuyarkən avtomobil qəzası nəticəsində onurğa sümüyüm qırıldı və əlil qaldım. Maşının içərisində tavanla oturacağın arasında qalmışdım. Bu müddətdə universitet təhsilim yarıda qaldı, Bakıda fizioterapiyalara başladım.
Bir gün bacım məni ziyarətə gələndə gələcək həyat yoldaşımla tanış oldum. Onunla birgə gəlmişdi. O gündən sonra başlayan dostluğumuz evliliyə doğru getdi. Sonra universitet təhsilimi Azərbaycanda tamamlayıb Türkiyəyə qayıtdım.
Özəl universitetdə qrafik dizayner işlədim. Hazırda frilans olaraq çalışıram. Bir oğlum var. Oğlum dünyaya gəlməzdən əvvəl Hatayda zəlzələ olmuşdu. Biz də televiziyada ana-atasız uşaqları gördüyümüz zaman düşündük ki, dünyaya övlad gətirmək əvəzinə, həmin uşaqları övladlığa götürərək onlara yuva olaq.
Bu səbəbdən müraciət etdik. Bir neçə görüş təyin etdilər. Amma bildirdilər ki, əlil birinə övlad verilə bilməzlər. Özümü bu qərara hazırladıqdan sonra əlilliyimin rəsmi formada üzümə vurulması məni kədərləndirdi. Daha sonra öz övladım oldu. Həyat yoldaşım işlədiyi üçün həftənin 3 günü oğluma özüm baxıram. Mən yarım qalan həyatıma onunla davam edirəm, onunla çox şey öyrənib, onunla böyüyürəm".