"İftar menyusu"nda bu gün

"İftar menyusu"nda bu gün
295 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir.

Badamlı brokoli şorbası

Ərzaqlar:
500 qram brokoli
1 soğan
1 yerkökü
1 xörək qaşığı zeytun yağı
4 stəkan su
1 kartof
50 qram dilimlənmiş badam
100 qram qaymaq (İstəyə bağlı)

Hazırlanması:
Soğanları soyun və iri doğrayın. Qazanı sobaya qoyun və qızdıqdan sonra zeytun yağını əlavə edin. Soğanları zeytun yağında qovurun. Kartof, brokoli və yerkökünü doğrayın və soğanla birlikdə qovurun. Suyu əlavə edin, qara istiot və duz tökün. Qapağı örtün və tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzlər bişdikdən sonra onları blenderlə əzin. Şorbanı qaynadın. Doğranmış badamları zeytun yağında qovurun. Süfrəyə verərkən şorbanı badamla bəzəyə bilərsiniz.

Ətli bulqur plovu

Ərzaqlar:
1/2 çay stəkanı zeytun yağı
200 qram doğranmış quzu əti
1 soğan
1 qırmızı bolqar bibəri
2 yaşıl bolqar bibəri
1 xörək qaşığı tomat pastası
2 stəkan plov üçün bulqur
3 stəkan su
2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
2 xörək qaşığı kərə yağı

Hazırlanması:
Böyük bir qazanda zeytun yağını orta istilikdə qızdırın və ətin rəngi dəyişənə qədər qovurun. Ət rəngi dəyişdikdən sonra xırda doğranmış soğan və qırmızı bolqar bibərini əlavə edin və yumşalana qədər qovurun. Xırda doğranmış bibərləri və tomat pastasını qazana əlavə edin və qovurun. Son olaraq, ədviyyatları, bulqur və isti suyu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayın və bulqur suyu çəkənə qədər vam odda bişirin. Lazım gələrsə, bir az isti su əlavə edə bilərsiniz. Bulqur suyu çəkib yumşaldıqdan sonra plovun üzərinə bir neçə parça kərə yağı əlavə edin və dəmləməyə qoyun.

Portağallı sufle

Ərzaqlar:
3 yumurta
1.5 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
6 xörək qaşığı təzə sıxılmış portağal suyu
3 xörək qaşığı süd
3 xörək qaşığı şəkər tozu
1 sürtgəcdən keçirilmiş portağal qabığı
1/4 çay qaşığı duz

Hazırlanması:
Yumurta sarılarını və ağlarını ayrı qablara diqqətlə ayırın. Kərə yağı, unu, təzə sıxılmış portağal suyu, südü, şəkər tozunu və sürtgəcdən keçirilmiş portağal qabığını kiçik bir qazanda qarışdırın. Sufle xəmirinin bir hissəsi olan bu qarışığı vam odda, ara sıra qarışdıraraq bişirin. Ocaqdan götürün və qarışığı otaq temperaturunda 2-3 dəqiqə soyumağa qoyun. Sonra yumurta sarısını əlavə edin və taxta qaşıqla dayanmadan qarışdırın. Ayrı bir qabda yumurta ağlarını bir çimdik duz ilə mikserlə yüksək sürətlə 7-8 dəqiqə çalın. Portağal qarışığını taxta qaşıqla çalınmış yumurta ağlarına yavaşca qarışdıra-qarışdıra tökün. Sufle qarışığını istiliyədavamlı servis qablarına bölün və əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə bişirin.