Moskvada aktyorla xanımı bir-birini bıçaqlayıb öldürdü

Moskvada aktyorla xanımı bir-birini bıçaqlayıb öldürdü
2004 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada Mıtişi Fest Teatrının aktyoru 28 yaşlı  Vladislav Benqrafla 23 yaşlı həyat yoldaşı Yevgeniya Benqraf mübahisə zamanı bir-birini bıçaqlayaraq öldürüb.

Axşam.az xəbər verir ki, bu barədə Moskva vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb. İlkin məlumata görə, faciəyə səbəb qadının boşanmaq istəməsi olub.

Münaqişə aprelin 19-na keçən gecə cütlüyün yaşadığı mənzildə baş verib. Aktyor həyat yoldaşına boyun və sinə nahiyəsindən bir neçə zərbə endirib. Yevgeniya da özünü müdafiə etmək üçün əlinə bıçaq götürüb. Aldıqları xəsarətlər nəticəsində hər ikisi təcili yardım gəlməmişdən əvvəl həyatını itirib. Təcili yardımı isə səs-küyə görə narahat olan qonşular çağırıblar.

Bildirilib ki, cütlüyün münasibətlərində problemlər bir neçə ay əvvəl başlayıb. Faciədən bir gün əvvəl Yevgeniya rəfiqəsinin təşkil etdiyi məclisə gedib. Həmin axşam Vladislav da qayınanasının evindən çıxaraq gec qayıdacağını deyib. Əvvəlcə teatra gedərək yeni tamaşa ilə bağlı məlumat alıb, sonra dostları ilə görüşüb. Daha sonra isə həyat yoldaşının Mıtişi şəhərindəki mənzilinə gedib və hadisə məhz orada baş verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerinə baxış keçirib və bıçaqları götürüblər. Qətl faktı üzrə iki cinayət işi açılıb.

Əlavə edək ki, cütülk sözügedən teatrda çalışıb. Vladislav tamaşalarda rol alıb. Yevgeniya isə qrim şöbəsinə rəhbərlik edib.