Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026” start götürüb.
Axşam.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı Marafonu bu il ilk dəfə olaraq 42 kilometrlik məsafədə təşkil olunacaq. Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olacaq.
Marafonda sənət aləminin tanınmış simaları da iştirak edirlər.
Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışır.
Qeyd edək ki, “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur.