Məlahətli səsinə görə xalq tərəfindən “Bülbül” adına layiq görülən Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, xalq artisti Murtuza Məmmədovun ölümündən 53 il keçir.
Axşam.az-ın məlumatına görə, M.Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xankəndidə yerləşən Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirdikdən sonra təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib və Azərbaycana geri dönüb.
1932-ci ildə onun təşəbbüsü iləAzərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. “Yaxan düymələ”, “Süsən sünbül”, “Qara gözlər”, “Çal-oyna” kimi məşhur mahnıların mahir ifaçısıdır.
1961-ci ildə sentyabrın 26-da Bakı şəhərində vəfat edib.
Xalq artistinin oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və Azərbaycanın Rusiyadakı səfiridir. Nəvəsi Teymur Bülbül isə Rusiya Federasiyasının əməkdar artistidir.