Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış bəstəkar və orqan ifaçısı, Əməkdar artist, Almaniyada yaşayan həmyerlimiz Arif Mirzəyevin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Axsam.az AzərTAc-a istinadən xəbər verir ki, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova yubilyarı qurumun adından təbrik edib, onun çoxşaxəli yaradıcılığından söz açıb. Bildirilib ki, Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, görkəmli bəstəkar Q.Qarayevin kursunu bitirib.
Onun Azərbaycan və Qərb musiqisinin sintezindən bəhrələnmiş yaradıcılığı nəinki ölkəmizdə, yaşadığı Almaniyada, hətta bir sıra xarici ölkələrdə də müəllifinə şöhrət qazandırıb. Çıxış edənlər A.Mirzəyevin yaradıcılıq qayəsindən, əsərlərindən vətənpərvərlik və yurd sevgisindən söhbət açıblar.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. Onun atasının və anasının xatirəsinə, 20 Yanvar faciəsinə, Nyu-York da baş verən 11 sentyabr teror hadisəsinə, Xocalı faciəsinin ildönümünə, İ.S.Baxın 300 illik yubileyinə və s. həsr etdiyi musiqi əsərlərini tamaşaçılar alqışlarla qaşılayıb.
Sonda yubilyar onun yaradıcılığına bəslənilən hörmətə görə minnətdarlığını bildirib.