“Ən böyük arzum ana olmaqdır" - müsahibə+fotosessiya

“Ən böyük arzum ana olmaqdır" -  müsahibə+fotosessiya
5833 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xədicə Sənanqızının Axşam.az saytına müsahibəsi

- Son vaxtlar Xədicə Sənanqızı nədənsə gündəmdən uzaqlaşıb...

- Bir müddət Azərbaycanda olmadım, ona görə də görünmürdüm. "Space"dən ayrıldıqdan sonra başqa telekanallarda işlədim. Türkiyədə özəl televiziyada çalışdım. İki il "Xəzər" telekanalında seriala çəkildim. "Yurd TV" də silsilə verilişlər hazırladım. Ümumiyyətlə, gündəmdə çox olan insan deyiləm. İndi aparıcılıq etdiyim "Sağlam yaşamaq" verilişi də elə vaxt yayımlanır ki, çox adam izləyə bilmir.

- Niyə məhz tibblə bağlı veriliş?

- Sağlamlıqla bağlı olduğu üçün diqqətimi çəkdi. Neçə ildir televiziyadayam, müxtəlif formatda verilişlər aparmışam. Fərqli bir layihə gözləyirdim. Bu təkliflə razılaşdım. Mənim tamaşaçım harada oluramsa olum, məni izləyəcək. Verilişdə insanlarla ünsiyyət yaradırıq, aksiyalar edirik. Həmçinin kimsəsiz ailələr üçün özəl klinikalarda müayinə olunma imkanları yaradacağıq. Bundan çox məmnunam. “Sağlam yaşamaq” insanlara lazım olan bir verilişdir. Mənim özümdə də həkim qorxusu var. İnsanın yaşının üstünə yaş gəldikcə başa düşürsən ki, bu cismi Allah verib, onu qorumaq lazımdır. Səhhətimizə fikir verməliyik.

- Yeni layihə barəsində düşünürsünüzmü?

- Bizdə bir qayda var: bir kanalın aparıcısı başqa televiziyada işləyə bilməz. Planda olan layihələrim var. Xanımlarımız üçün bir veriliş hazırlamaq istəyərdim. Mən özüm yerli kanallara baxmıram. Ona görə yox ki, heç kimi bəyənmirəm. Sadəcə, bu işin içindəyəm, hamını görürəm, verilişlərdə nə varsa, xəbərdaram. Rusiya kanallarını izləyirəm. Çox təbiidirlər, səmimidirlər. Onları seyr edəndə darıxmıram. Elə bil insanla qabaq-qabağa oturub söhbət edirlər. Hər bir aparıcı efirə çıxıb başqa cür danışa, özünü ağıllı biri kimi qələmə verə bilər. Amma normal həyatda sən bu deyilsən. Mən istəmərəm ki, Xədicəni kimsə efirdə başqa, real həyatda başqa cür tanısın. Bundan utanaram.

- Aparıcılıqdan başqa, biznesiniz var?

- Xeyr. Tək qazancım bu işlə bağlıdır.

- Toylarda aparıcılıq edirsiniz?

- Bəli. Həm burda, həm də ölkədən kənarda. Bizim də qazanc yerimiz məclislərdir.

- İmkanınız olsaydı, özünüzə hansı biznesi qurardınız?

- Restoran və mağaza açardım. Burada isə ancaq ev əşyaları, bəzək vasitələri satardım. Xaricdə olanda tez-tez ev aksesuarları satılan yerləri gəzirəm.

- Səyahəti sevirsiniz?

- Çox sevirəm. Əvvəllər Avropanı xoşlamırdım, oradan qaçırdım. Mənim Avropada yaşamaq icazəm olub. Heç vaxt bundan istifadə etməmişəm. Amma indi marağım artır, getmək istəyirəm. Səyahət zamanı yeni mədəniyyətlərlə tanış olursan. Ünsiyyəti çox sevirəm. Ayaqla gəzməyi xoşlayıram, amma Bakıda yox.

- Kompleksiniz var?

- Şəhərə çıxanda mütləq formada olmalıyam. İstəmirəm tamaşaçım məni adi halda, səliqəsiz görsün. Bu səbəbdən şəhərə çıxıb gəzmirəm. Açığı, heç buna vaxtım da olmur. İşdən birbaşa evə gedirəm. Ailə üzvlərimi - qardaşlarımı görməyə yollanıram. Bir də baxıram, saat doqquz oldu. Seriallarımı da izləyirəm.

- Bəs, alış-verişi haradan edirsiniz?

- Buradan nəsə almağı sevmirəm. Ən azı ildə iki dəfə xaricə gedirəm. Dəb arxasınca qaçan deyiləm. Brendə üstünlük vermirəm. Mənə yaraşanı alıram.  Hətta çox ucuz mağazadan bəyəndiyim nəyisə ala bilərəm.
Bircə ayaqqabılarıma önəm yetirirəm ki, rahat olsun.

- Baxımlılığa nə dərəcədə əməl edirsiniz?

- Əvvəl buna fikir vermirdim. Son vaxtlar isə artıq çəki aldığımı gördüm. Dietoloqun məsləhəti ilə pəhrizə başlamışam. Mən daha çox evdə oturmağı xoşlayıram. Həftədə iki dəfə saç ustasının yanına gedirəm.

- Uzun müddətdir sizi eyni saç düzümündə görürük. İmicinizi dəyişmək istəmirsiniz?

- Saçlarımı yenicə bu rəngə boyamışam. Saçım incə, nazik olduğu üçün uzatmağı mənasız sayıram. Sosial şəbəkədə hamı sarı saçların mənə daha çox yaraşdığını deyir.

- Plastik əməliyyatlara münasibətiniz necədir?

- Normal baxıram. Amma üzümdə nəyisə dəyişmək mənim üçün riskdir. Tamaşaçı məni bu formada bəyənib. Deyirəm birdən nəsə etdirərəm, qınaq obyektinə çevrilərəm.

- Yeməklə aranız necədir?

-Yeməyi tez və iştahla yeyirəm. Hazırlamağı da sevirəm. Son vaxtlar maraqlı xörəklər, salatlar hazırlayıram. Bu günə kimi soğan, kəvər yemirəm.

- Pulunuzu ən çox nəyə xərcləyirsiniz?

- Ev əşyalarına, qab-qacağa.

- Romantiksiniz?

- Bəli. Şamları çox sevirəm. Evimin hər yerində - hamama, yataq otağına şamlar düzülür. Axşam onları yandırıram. Məni sakitləşdirir. Həmçinin evdə çiçəklər əkməyi xoşlayıram.

- Bilirik ki, bu yaxınlarda ananızı itirdiniz…

- Hələ də mən o dönəmi keçirməmişəm. Yoxluğu ilə razılaşmıram. Elə bilirəm ki, harasa gedib, qayıdacaq. İki dəfə yuxuma girib. Narahat olur, deyir, belə etmə. Çünki çox ağlayıram. Anam mənimlə fəxr edirdi. İşimlə qürur duyurdu. Hər zaman istəyirdi ki, bu peşədə olum. Bir ara uzaqlaşmaq istəyirdim, anam icazə vermədi. Hər bir aparıcı efirdə müəyyən dövrə kimi fəaliyyət göstərir. O müddət çatanda getməlisən.

- Sizi aparıcılıqdan uzaqlaşmağa nə məcbur edə bilər?

- Bu mənim peşəmdir, sevdiyim işdir. Yaşamaq üçün insana maddi dəstək lazımdır. Yalnız ailə... Əgər ailə həyatı qursam və həyat yoldaşım işləməyimi istəməsə, bu sənəti ataram.

- Həyatınızda sevdiyiniz biri var?

- Var...

- Toy nə vaxtdır?

- Bu haqda düşünmürəm. Dostlarımın əhatəsində kiçik bir məclis edərəm. Özəl həyatımı gündəmə gətirməyi sevmirəm.

- Sizin üçün münasibətdə önəmli amil nədir?

- Həmin insan diqqətli, mədəniyyətli olmalıdır. Daxili mədəniyyət, dünyagörüş olmayanda sıxılaram. O insan məndən qat-qat yüksək olmalıdır: statusu, dünyagörüşü, intellektual səviyyəsi. Həmin adamla darıxmamalıyam. Dayaz təfəkkürlü biri ilə münasibətim baş tutmaz. Axı, həyatın böyük hissəsini onunla keçirəcəyəm.

- Hər bir insanın həyatında böyük arzusu var. Xədicə Sənanqızının arzusu nədir?

- Bunu hamı bilir: ana olmaq.

- Azərbaycanın ən gözəl xanımı və yaraşıqlı kişisi kimdir?

- Gözəl xanımlarımız çoxdur. Təbii ki, Mehriban Əliyevanın adını çəkərdim. Kişilərdən isə bir vaxtlar Rafael Dadaşovu bəyənirdim.

- Sevda Ələkbərzadə ilə yaxın rəfiqəsiniz. Dostluqda nəyə önəm verirsiniz?

- Onun qədər yaxın olduğum rəfiqəm yoxdur. Biz üç bacıyıq: Sevda, Emma və mən. Əvvəl rəfiqələrim olub. Amma məndən sui-istifadə ediblər. Mənim yanımda Xədicə Sənanqızı olduğuma görə yox, daxili aləmimə qiymət verdiklərinə görə olsunlar.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV

Saç:
Vüqar Abdullayev

Makiyaj: Səbinə Seyfəddinova

Geyim: Vakko