Rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhav İnternational Dance Carnival” festivalının ilk günündə çıxış edib.
Sənətçi Axşam.az-a bildirib ki, o, növbəti çıxışına hazırlaşır:
“İlk öncə deyim ki, Azərbaycan üçün çox darıxmışam. Bu, mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündəki çıxışımı geridə qoydum. Hər bir xalqı təmsil edən iştirakçının çıxışından əvvəl onun ölkəsi barədə qısa video-çarx nümayiş olunur. Onu izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hisslər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq, səhnəyə çıxıb milli “Uzundərə” rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı, “Səma rəqs” ansamblı, 8 yaşlı tələbəm və müğənni Aslan Hüseynov da çıxış etdi. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa etməyi də düşünürəm”.
Rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir:
“Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzet barəmizdə xəbər də dərc edib. İnşallah, Bakıya qayıtdıqdan sonra festival barədə daha geniş məlumat verəcəm”.