Saat 19:00. Biletin qiyməti 6-10 AZN.
Yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası keçiriləcək.
Axşam.az-ın məlumatına görə, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov bildirib ki, “Toya bir gün qalmış” günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdir:
“Tamaşanın əsas ideyası “insanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını tamaşaçılara çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində elə oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsin. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda isə məlum olur ki, əslində kişi ölməyib, sadəcə, kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o, ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik".
Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.