Nəbahət Çehrə Azərbaycanda 1 milyonluq filmə çəkilir - fotolar

Nəbahət Çehrə Azərbaycanda 1 milyonluq filmə çəkilir -  fotolar
2825 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qanlı yanvar” bədii filminin yaradıcı və aktyor heyəti ilə görüş keçirilib.

Axşam.az-ın məlumatına görə, görüş 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Xoca” filminin müəllifi, rejissor Vahid Mustafayev 1990-cı il 20 Yanvar hadisəsindən bəhs edən “Qanlı yanvar” filminin çəkilişində yer alan və digər dövlətlərdən dəvət olunmuş aktyorları təqdim edib.
 
O, ekran işinin 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunduğunu deyərək çəkiliş qrupu haqqında məlumat verib:

“Bu filmin çəkilişində iştirak edən kollektiv beynəlmiləldir. Burada dünya şöhrətli amerikalı aktyor Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nəbahət Çəhrə, rus xalqının təmsilçisi, aktyor Yuriy Baleev, habelə İrandan dəvət olunmuş görkəmli kino-operator Afşin Əlizadənin başçılıq etdiyi cəkiliş qrupu azərbaycanlılarla birlikdə çalışır. Bu internasionallığın xüsusi mənası var. Çünki azadlıq arzusu təkcə bir millətin mənəvi sərvəti deyil. Milli azadlıq mücadiləsi bütün dünyaya tanış və doğma olan şərəfli hissdir”.

Filmin bir çox ölkədə nümayiş olunacağını, festivallarda iştirak edəcəyini bildirən V.Mustafayev ekran işinin bir milyon manata başa gəldiyini deyib. Filmin, hələ ki, 60 faizi çəkilib.

Ekran işində ana obrazını canlandıran Nəbahət Çəhrə bu təklif ona gələndə düşünmədən “hə” cavabı verdiyini söyləyib.

Təqdimatı 2015-ci il, yanvarın 20-si ərəfəsində planlaşdırılan filmin çəkilişləri hazırda davam edir. Həm bədii, həm də serial variantı hazırlanan ekran işi bir neçə xarici dilə tərcümə ediləcək.

Sərvər MEHDİYEV

Foto: Rəşad ABBASOV