"Liatris Holding"in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva İsveçrənin Davos şəhərində keçirilən "Global Education Forum 2026" tədbirində “Mother of the Year” nominasiyası ilə təltif olunub.
Axşam.az xəbər verir ki, R.Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, tədbirdə Azərbaycanlı anaları təmsil edib:
"Bəzi səfərlər təkcə xatirələri ilə deyil, qəlbimizdə oyatdığı hisslərlə yadda qalır. Davos da mənim və övladlarım üçün belə səfərlərdən biri oldu. “Global Education Forum 2026” çərçivəsində 80 ölkənin hər birindən uşaqların inkişafına verdiyi dəstəyə görə bir ana seçilərək “Mother of the Year” nominasiyası ilə təltif olundu. Azərbaycanı təmsil edən ana kimi məni də bu yüksək mükafata layiq gördülər. Bu, mənim üçün böyük şərəf və qürurdur. Xüsusilə mükafatı təqdim edən MINIBOSS Business Schoolun təsisçisi dəyərli Olqa Azarovanın “mehriban”, “ağıllı”, “gözəl ana” kəlmələri mənə əvəzsiz hədiyyə idi.
Ancaq bu forumdan könlümdə gətirdiyim ən böyük dəyər bir başqadır. Bu, bizim - azərbaycanlı anaların, tədbirdə iştirak edən xanımların birliyi, ölkəmizi ləyaqətlə, ən yüksək şəkildə təmsil etmək üçün göstərdiyi gözəl həmrəylik nümayişidir. Məhz bu könlü gözəl xanımların birgəliyi sayəsində ölkəmiz Davosda ən yüksək səviyyədə təmsil olundu. Mən orada Azərbaycan analarını, Azərbaycan xanımlarınıı bir daha kəşf etdim, onlara bir daha heyran oldum. Mehribanlığı, qayğıkeşliyi, birliyi və səmimiyyəti ilə hər biri ölkəmizi ən gözəl şəkildə sevdirdi. Eyni zamanda, MiniBoss-un uşaqlarımızın bilikləri, bacarıqları və özünəinamı ilə Azərbaycanı yüksək səviyyədə təmsil etməsi hər birimizə qürur yaşatdı. Bu gözəl ailəni formalaşdıran MiniBoss Global Business Schoolun Azərbaycandakı təsisçisi Nərminə Həsənovaya ürəkdən təşəkkür edirəm. Belə birliyin parçası olmaqdan sonsuz məmnunam".