Bakıda Türkiyənin məşhur “Hadije” markasının hazırladığı dəfilə baş tutub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Nərgiz Cəlilovanın etdiyi gecədə tanınmış simalar, millət vəkilləri, ifaçılar iştirak edib. Türkiyənin sayılıb-seçilən modelyerləri Özləm Suer, Özgür Masur, Dilək Hanif, Zeynəb Ərdoğan, Raisa & Vanessa, Qəmzə Saraçoğlu, Zeynəb Tosun, Sərli Keçeoğlu mərasimdə bir araya gəlib, kolleksiyalarındakı ən yeni geyimləri azərbaycanlı dəbsevərlərə nümayiş etdirib.
Mərasimdə 75-ə qədər libas sərgilənib. Geyimləri Türkiyədən gələn modellər nümayiş etdirib. Onlar arasında qardaş ölkədə yaşayan azərbaycanlı model Günay Musayeva da yer alıb.
Alqışlarla qarşılanan nümayişdən sonra modelyerlər də podiuma dəvət olunub.
Gecənin sonunda “Hadije” markasının təsisçisi Haticə Aydəniz qonaqlara təşəkkürünü bildirib:
“Dəfiləmizi izləyən, bu gün bizi tək qoymayan hər kəsə təşəkkür edirəm. Bu layihənin ilkin olaraq Bakıda başladıq. Uğurlu olacağına inanıram”.
Zəhra ƏHMƏDOVA
Foto: Rəşad ABBASOV