Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın Osmanlı dövründə tikilən, Boğaziçində yerləşən tarixi binalarda restavrasiya işləri aparmasından məhkəməyə şikayət edən Hüseyn Sağ döyülüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CHP-li üzvü olan Sağ əsasən tarixi binalarda edilən dəyişikliklərə qarşı apardığı mübarizə ilə tanınır. Sonuncu dəfə Zərrabın 2011-ci ildə müğənni həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 2 mülkdəki tikinti işlərinə görə məhkəməyə baş vuran və iş adamından şikayət ərizəsi yazan Hüseyn başına gələnlər haqda bunları deyib:
“Evimdən çıxdım, avtomobilimlə 150 metr getmişdim ki, bir maşın arxadan məni vurdu. Nə baş verdiyinə baxmaq üçün maşından düşdüm. Qəflətən üç nəfər mənə hücum etdi. Burnumu və çənə sümüyümü qırdılar. Hadisə yerindən uzaqlaşmasaydım, başıma daha pis işlər gələ bilərdi”.
Qeyd edək ki, tarixi binalarda aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib.
Tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.