Afaq Bəşirqızının 60 illik yubileyindən fotolar

Afaq Bəşirqızının 60 illik yubileyindən fotolar
5876 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti Afaq Bəşirqızının anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə,tədbirdən öncə "Toya bir gün qalmış" tamaşası təqdim edilib. “Şöhrət” ordenli sənətkar jurnalistlərlə görüşündə yubiley mərasiminin təşkilinə görə təşəkkürünü bildirib:

“ Həmişə diqqət mərkəzində olmuşam. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, şəxsən Əlikram müəllimin təşəbbüsü ilə keçirilən bu yubiley gecəsində sizləri görmək mənim üçün çox xoşdur. Çox həyəcanlıyam. Çox xoşbəxtəm ki, bu günləri yaşayıram. İnsan həyata gəlişindən bəri “nə etdi, nə qoydu getdi” sualına cavab verə bilirsə, xoşbəxtdir. Bütün sənətkarlara elə bir gün arzulayıram. Çox istərdim ki, sənətin qədrini bilən sənətkarlar çox yaşasınlar. Çox yaşasınlar ki, özlərindən sonra yetişdirsinlər. Estafeti elə bir əllərə versinlər ki, onlar həqiqətən sənətkar titulu qazana bilsinlər. Mənə elə gəlir ki, hər bir sökülünü bərpa etmək mümkündür, yalnız mədəniyyətdən başqa. Dövlət atributundan sonra gedən mədəniyyət dövləti tanıdır. Ona görə də mən Azərbaycan mədəniyyətinin həmişə tanınmasını, arenada olmasını, həmişə xoş sədasının gəlməsini istəmişəm. Xalqımın qarşısında baş əyir, minnətdarlığımı bildirirəm. Gün o gün olsun ki, mən ikinci belə bir şad müsahibəni Qarabağın qaytarılması münasibətilə verim. Mənim milli dəyərim Azərbaycan dilim, torpağımın bütövlüyüdür. Bundan dəyərli heç nə ola bilməz”.

A.Bəşirqızı 2015-ci ilin onun üçün düşərli olduğunu bildirib:

“Respublika üzrə yubileyim noyabrın 7-də keçiriləcək. 2015-ci il həm də mənim ilimdir. Mən bu ildə anadan olmuşam. Bu il mənə çox düşərli oldu. Ən düşərli hadisə isə mənim üçün xalqımın arasında olmaq və xalqımla belə bir görüş idi, mən onu da elədim”.

Afaq Bəşirqızı atası, xalq artisti Bəşir Səfəroğlu ilə xəyali dialoqunu da səsləndirib:
 
“Mənə verilən sonsuz çiçək dəryasını Bəşir Səfəroğlunun qəbrinin üstünə səpələyirəm, onda mən sakit oluram. Çünki bizim onunla belə bir dialoqumuz olacaq:

- Yorulmusan?

- Bilmirəm...

- Özün seçdiyin sənətdir. Sənə görə sevindim. Getmək vaxtıdır. Bugünkü nağılımız bitdi.

- Yəni deyirsən, göydən 3 alma düşdü?

- Hə. Biri sənin, biri Bəşirin, biri də Əhməd Paşanın. Deyirlər nəvələr nəticələr çox şirin olur.

- Hə, ata, nəvə nəticə çox şirin olur. Bunu mən sənə deyirəm. Yaşca səndən 15 yaş böyük olan qızın...

Foto: Ramin ASLANOV