ATV telekanalının məşhur verilişlərindən olan “Özünə bax” zövq yarışması yeni mövsümə start verir.
Axşam.az-ın məlumatına görə, layihənin rəhbəri Ruhi Əliyeva bununla bağlı mətbuat konfransı keçirib.
“Özünə bax 2” haqqında danışan Ruhi yeni mövsümdə qaliblərə fərqli mükafatlar veriləcəyini bildirib:
“Budəfəki müsabiqə daha səviyyəli keçiriləcək. İlk növbədə qaliblərimizin hədiyyələrini dəyişdik. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət verəcəyik. Üç ölkə təklif olunacaq. İştirakçı hansını istəsə, orada bir həftə dincəlmək şansı qazanacaq. “Özünə bax 2” canlı yayımlanacaq. Dərzi otağımız hazırlanıb. Müsabiqəyə qatılacaq xanımın saçını bəyənməsək, canlı efirdə onu rəngləyəcək, kəsəcək, formaya salacağıq. Geyimi açıq olsa, dərzimiz onu qapalı formaya salacaq”.
“LAYİHƏYƏ ƏCNƏBİ MƏŞHURLARI CƏLB EDƏCƏYİK"
“Özünə bax 2”yə bir çox məşhur, əcnəbi simaların da qonaq qismində qatılacağını deyən R.Əliyeva seçim turlarında qızlarda önəm verəcəyi amilləri açıqlayıb:
“Layihəmizdə türkiyəli model Çağla Şikel, İvana Sərt, Hakan Akkayanı görəcəksiz. Dekabra təsadüf edən final gecəmizə çox məşhur – indiyədək Azərbaycana gəlməyən türk sənətçisini və aktrisanı gətirəcəyik. Seçimlərdə ən zövqlü geyinənlə yanaşı, həm də xanımlığı, mədəniyyəti olan qızlarımıza üstünlük verirəm. Mən qadınların açıq-saçıq geyinməsini onlara layiq görmürəm. Xanım qapalı geyimdə də çox gözəl görünə bilər. Müasir dövrdə qızlarımız düzgün geyim seçməkdə çətinlik çəkirlər. Elə bilirlər göbəyini açmaqla, qısa geyinməklə dəbli olurlar. Bəzi qızlarımız var ki, evdən bayıra çıxırlar, amma heç çəngəl- bıçağı tutmağı bilmirlər, yeriyişləri düzgün deyil. Bu cür gənclərə dəstək olacaq təşkilatların yaradılmasını istərdim”.
Çox məsuliyyətli bir işə imza atdığını deyən layihə rəhbəri moda ilə bağlı bacarığı olan insanlara dəstək olacağını bildirib:
“Hamı deyirdi sənə moda evi açaq. Amma bu cür məsuliyyətli işə imza atmaq istəmədim. Qərara gəldim ki, belə layihə edib, dəbi sevənlərə dəstək olum”.
Ruhi hazırda üzərində işlədiyi daha bir yeni layihəsindən danışıb:
“Bu gün yeni layihəmlə bağlı Moskvaya yola düşürəm. Türkiyəli modelyer Hakan Akkaya da sabah oraya gələcək. Çox böyük bir layihəyə imza atacağıq. Bu da ATV telekanalında yayımlanacaq. Mart ayında efirə getməsini düşünürük”.
Zəhra ƏHMƏDOVA
Foto: Rəşad ABBASOV