Aparıcı Nərgiz Cəlilova hələ də efirlərə qayıtmağı düşünmür.
Axşam.az-ın müxbiri ilə söhbətində yeniliklərindən danışan N.Cəlilova fərqli layihə axtarışında olduğunu deyib:
“Efirə çıxmağa vaxtım yoxdur. Çəkilişlər, məclislər o qədərdir ki... Həm də fərqli layihə axtarıram. Eynilik məni yorur. Düzdür, bu gün verilişlərimizi izləyirəm, insanların zəhmətini dəyərləndirirəm. Amma götürək xarici kanallardan: yeni mövsümdə tam fərqli layihələr təqdim edirlər. Mən də telekanallarımızda bu cür işlər görmək istəyirəm. Bizdə isə ancaq eynilik görürsən. Eyni şeyi təkrarlamaq isə məni yorur. Daha çox kütləvi proqramlara meyilliyəm, tamaşaçılarla birlikdə olursan, səmimi söhbətlər edirsən.
Mənə də çox təkliflər gəlir, hamısını da gözdən keçirirəm, amma görürəm ki, təkrardır. Bir şeyi uğurlu etmək üçün onu ürəkdən istəməlisən. Bu cür olmasa, iş keyfiyyətsiz alınar”.
Nərgiz Cəlilova son vaxtlar serialla dəvət aldığını da deyib. Amma aparıcı təklifləri qəbul etməkdən qorxur:
“Çox seriala dəvət gəlir, amma qəbul etməyə qorxuram. Efir adamıyam. Türk, rus və digər xarici kanallarda yayımlanan serialları izləyirəm. Görürəm ki, onlar bu işin düzgün yolunu tapıblar. Bizdə isə hələ yeni başlayırlar. Bu başlanğıcı alqışlayıram. Amma onun içində olmaq istəmirəm.
Səhnəyə alışmış biriyəm. Məni peşəkar səviyyədə oynada biləcək rejissor istəyirəm. Ətrafımda olacaq aktyorlar da önəmlidir. Hər şey mənə uyğun olmalıdır. Deyə bilərəm ki, burda filan obrazı canlandıracam. Amma istəmirəm ki, buna qərarı mən verim. Elə bir mütəxəssis olmalıdır ki, özü desin ki, sizi bu obrazda görürəm”.
Zəhra ƏHMƏDOVA