Babasını itirdiyi üçün yaradıcı işlərinə ara verən müğənni Ayan Babakişiyeva yeni layihələrinə start verib.
Axşam.az-ın məlumatına görə, sənətçi repertuarına bəstəkar Elçin İmanovun mahnılarını daxil edəcək.
Bu sənətçilərin 4 illik fasilədən sonra növbəti əməkdaşlığı hesab olunur:
“Xanım İsmayılqızı, Aygün Bəylər, Kamal, Faiq Sücəddinov kimi dəyərli insanların mahnılarını səsləndirdim. Repertuarda bir qədər dəyişiklik zərurəti yarandı. Elçin İmanov sənətimin təməlini qoyan bir insandır. İfa üslübümda onun dəsti-xətti hər zaman özünü göstərib. Bəstəkarla işbirliyimizin davamı mütləq olmalı idi. Hazırda iki mahnı üzərində işləyirik. Bunlardan birinə mütləq klip çəkdirəcəm”.
Ayan bu həftə böyük yaradıcı heyətlə Gəncəyə yola düşəcəyini də qeyd edib:
“Musiqisi Emin Sabitoğlu, sözləri Əhməd Cavada məxsus olan “Gəncə” mahnısı 25 nəfərlik heyətin birgə zəhməti sayəsində ekranlaşdırılacaq. Gözəl güşəmizin inkişafını, gözəlliklərini bu klipə sığdıracağıq. Səfərimiz 3 gün davam edəcək. Onu da qeyd edim ki, bu, unudulmuş bir mahnıdır”.
Eyni zamanda albom üzərində çalışan müğənni bura yeni mahnılarının daxil edilməyəcəyini söyləyib. O, növbəti mahnısının Xanım İsmayılqızına aid olacağını da vurğulayıb.