Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov dəfn olunub.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Əhmədov Elvin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.
Yanıqlı kənd qəbiristanlığında keçirilən dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub.
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
Hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib.
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.
Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.
Şəhid olan hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlu bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.
Şəhid hərbçinin anadan olduğu Kiş kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.
Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb.
Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Şahlar Yaşar oğlu Nəzərov bu gün anadan olduğu Yardımlı rayonunda dəfn edilib.
1990-cı il təvəllüdlü hərbi qulluqçu anadan olduğu Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.