Mayın 10-u ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.
Axşam.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə təbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.
Hər doğum günündə olduğu kimi, bu il də səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tuturlar. Ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyulur, əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edibdilər.