Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.
Axşam.az xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxıblar.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı. Bunun qarşısını almaq üçün İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.
Açılışda İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxıblar.
İlham Əliyevə və Mehriban Əliyevaya məlumat verilib ki, dövlət başçısının “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin iyulunda imzaladığı Sərəncama əsasən qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib.