Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalı artıq başa çatıb.
Axşam.az-ın məlumatına görə, 7 gün davam edən festivalda bir çox yerli və əcnəbi tanınmışlar qonaq olublar. Tədbirə Azərbaycandan xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər Mehriban Zəki, Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, rejissorlar İlqar Safat, Şamil Əliyev, Mirbala Səlimli qatılıb. Onlar tədbirə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yollanıblar.
Festivalın açılış mərasimində Rusiya, Estoniya, Ukrayna, Belarusiya və Azərbaycandan gələn qonaqlar qırmızı xalçadan keçiblər.
Mərasimin növbəti günlərində aktyorlar bir araya gələrək Alanya gəzintisinə də çıxıblar.
Tədbir çərçivəsində Rusiyanın xalq artisti Aristarx Livanovun ad günü qeyd olunub.
Aktyorlarımız tədbirlərlə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan deleqasiyasının rəhbəri F.Manafov bu cür festivalların ölkəmiz üçün önəmli olduğunu vurğulayıb:
“İlk dəfə 2015-ci ildə Alanyada festivala qatılmışdım. Həmin ərəfədə dincəlmək üçün gəlmişdim. Xəbər tutub, məni çağırdılar. O vaxt cəmi iki dövlət var idi: Rusiya və Türkiyə. Həmin vaxt iradımı bildirdim ki, niyə Azərbaycan yoxdur? Artıq bizim ölkə iki ildir festivala qatılır. İndi isə festivala bir çox ölkələr qatılır. Qazaxıstan və Qırğızıstan dəvət olunsa da, gəlmələri alınmadı. Əminəm ki, Alanya Beynəlxalq Film Festivalı böyüyəcək və daha da çox ölkələr qatılacaq. Festival sənət adamlarını birləşdirir".
Festival çərçivəsində ifaları ilə də qonaqları heyrətləndirən M.Zəki bildirib ki, keyfiyyətli filmlər çəkmək və bu cür beynəlxalq tədbirlərə qatılmaq önəmlidir:
“İlk dəfə deyil ki, mən mahnı oxuyuram. Bu bacarığımı çoxları bilir, aktyor üçün qeyri-adi bir addım deyil. Rusiyadan, Belarusiyadan gələn aktyorlar da mahnılar oxuyur, alətlərdə ifa edirlər. Niyə Azərbaycan da etməsin? Festival üçün bir neçə mahnı nəzərdə tutmuşdum. Ötən il "Kızılkale" adı ilə festival təqdim olundu. Bu il isə Alanya adı verilib və daha çox ölkələr cəlb olunub. Fəxrəddin Manafovun heç bir filmi nümayiş olunmur. Amma burada aktyorlara dəstək üçün yer alır. Onu Alanyada belə tanıyırlar, küçədə gəzəndə yaxınlaşıb şəkil çəkdirirlər.
Ölkənin mədəniyyətini təmsil edən amillərdən biri də kinodur. İnanılmaz dərəcədə ölkəni piar edəcək sənət növüdür. Ona ciddi yanaşmaq, keyfiyyətli filmlər çəkmək barədə düşünmək lazımdır”.
M.Səlimli festivalın aktyorlar və rejissorlar üçün önəmli hadisə olmasından söz açıb:
“Mənim “Qırmızı bağ” filmim festivalda nümayiş olunub. Bu, Rusiya və Azərbaycan istehsalıdır. Amma daha çox yerli aktyorlarımız rol alıblar. Filmimiz artıq 12 festivalda nümayiş olunub. Festival aktyorlar arasında ünsiyyəti də yaxşılaşdırır. Burada digər ölkədən olan aktyor və rejissorlarla görüşüb, söhbətlər etdik. Həm nəzəri, həm də praktiki fikirləri bölüşürük, yeni məlumatlar alırıq.
Film nümayiş edilmək üçündür. Əgər bir tamaşaçı belə yaxınlaşıb sənə fikir deyirsə, bu, artıq əks-sədadır. Azərbaycan filmlərinin festivallara qatılması vacibdir. Çünki bizi film ölkəsi kimi tanıyırlar".
Festival zamanı tamaşası ilə qonaqları heyrətləndirənlərdən biri də Bəhruz Vaqifoğlu olub. O, əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" mahnısının sədaları altında pontamimo nümayiş etdirib.
Festival çərçivəsində filmlər Alanya İskele Şəlalə Meydanında ve Alanya Mahmutlar Kültür Mərkəzində nümayiş olunub.
Kino günlərinin 3-cü günü Şamil Əliyevin rejissorluq etdiyi, Bəhruz Vaqifoğlunun baş rolu ifa etdiyi “Çölçü” filmi, mayın 26-da rejissoru İlqar Safatın olduğu, Mehriban Zəkinin rol aldığı “İçərişəhər” filmi, mayın 27-də Mirbala Səlimovun rejissorluq etdiyi, Gülzar Qurbanovanın rol aldığı “Qırmızı bağ”, mayın 29-u isə rejissoru Ülviyyə Könülün olduğu “Həddən artıq uyğunluq” filmi nümayiş etdirilib.
Mayın 29-da Alanya Beynəlxalq Film Festivalı başa çatıb. Təşkil olunan ziyafətdə “Dostlarla bir arada” devizi ilə başlayan festivalın iştirakçıları bir araya gəliblər. Tədbirə qatılan deleqasiya nümayəndələrinə mükafat verilib.