Məşhur türk aktyoru Cemal Hünal Bakıya gəlib. Axşam.az-ın məlumatına görə, aktyorun gəlişinə səbəb rol aldığı “Günçə” filminin təqdimatı olub.
Aktyorla bərabər şəhərimizə filmin rejissoru Kemal Uzun, Cemal Hünalın həyat yoldaşı Lalə Canqal da təşrif buyurub.
Gecədə ilk olaraq səhnəyə çıxan Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Aslan filmdən bəhs edib:
“Hər bir film həyatımızın özəl bir hissəsinin əksidir. Hazırda nümayiş Olunan “Günçə” də kiminsə həyatından götürülmüş filmdir. Burada hansısa bir cəmiyyət hadisəsi müasir dövrə çatdırılıb”.
Filmin rejissoru Kemal Uzun qonaqları Azərbaycan dilində salamlayaraq şəhərimizi çox sevdiyini deyib:
“Bu gün nümayişə gələ bilməyən digər aktyorların da sizə salamı var. Bakıda olduğum üçün çox xoşbəxtəm. Burada gördüyüm isti münasibətə görə hər birinizə təşəkkür edirəm”.
Baş rol ifaçısı C.Hünal hər zaman Bakıya gəlməyi arzuladığını bildirib:
“Bakı çox gözəl şəhərdir. Hər zaman buraya gəlməyi arzulamışam. “Günçə” bunun üçün bir vasitə oldu. Filmdə bir atanın övlad sevgisi əks olunub. Onda rol aldıqdan sonra ata olmaq həvəsinə düşdüm”.
Film nümayişindən sonra Cemal Hünəl media nümayəndələrinin suallarını cavablandıraraq, sevənləri ilə şəkil çəkdirib.
Qeyd edək ki, C.Hünal “Issız adam” ("Tənha adam") filmindən tamaşaçılara tanışdır.
Zəhra ƏHMƏDOVAFoto: Rəşad ABBASOV