"Məni köhnələr tanıyar, yenilər nümunə götürər. Görənlər izah edər, görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər". Bu, məhəbbət, sevgi haqda deyilmiş sözdür. Bir də deyiblər ki, ilk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ondan sonra ikincisi olacaq, ya yox.
Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. Amma rubrikamızın qonaqları dünəndən danışacaqlar, ilk sevgilərindən...
Axşam.az ailəm.az saytına istinadən sənətşünaslıq elmlər doktoru, keçmiş millət vəkili, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahovanın müsahibəsini təqdim edir:
İlk sevgisini 4-cü sinifdə yaşayır.
- İlk sevgim 4-cü sinifdə olub. Çox gözəl xatırlayıram. Necə unuda bilərəm ki?! (gülür) İlk sevgi unudulmazdır. O vaxtın sevgisi başqa cür idi. İndi sevib, sevilmək asanlaşıb. O vaxtın şəraiti indiki kimi deyildi. Hər şey örtülü idi. Telefon, internet yoxuydu. İndi maşallah, hər şey var. Əvvəllər birinin sinifdə digər parta yoldaşından xoşu gələrdisə, adını stolun üstünə yazardı, yaxşı mənada söz atardı, üstünü taəaşirə bulayardı. Mən də sinifdə bir oğlanı sevirdim. Dərsə gəldiyim zaman baxırdım ki, görüm o da dərsə gəlib, ya yox? Məktəb vaxtı uşaqların bir-biri ilə zarafatı necə olur siz də bilirsiniz. Biz də şıltaq zarafatlar edib bir-birimizdən küsərdik. Elə zarafatla da başıma o qədər kitab vurmuşdu ki... (gülür)
Amma susur.
Qadınlar kişilərə nisbətən hər zaman sevgilərini ürəklərində daşıyır. Yəni sevdiyini demir. Elə mən də demədim. Yazıq oğlan heç bilmədi ki, onu sevmişəm. Çünki sevdiyimi deməkdən çəkinirdim. Amma o, məndən cəsarətli idi. Sevdiyini demişdi. Həm də bu uşaq vaxtlarında olan sevgi idi. O qədər də ciddi sayılmırdı.
Sonra isə əsl məhəbbətlə qarşılaşır.
İlk sevgim puç olandan sonra 30 ildən artıq Azərbaycan radiosunun aparıcı diktoru, 3 ildir dünyasını dəyişən həyat yoldaşım xalq artisti Yusif Muxtarovla tanış oldum. Tanışlığımız ali məktəbdən başlayıb. Eyni ildə ali məktəbə daxil olub, bir fakültədə təhsil alırdıq. İlk dəfə onu gördüyüm günü belə xatırlayıram. Baxımlı, yaraşıqlı, xaraktercə ciddi bir oğlan idi. Elə gümanlarım da illər ərzində doğruldu. Aramızda olan danışıqdan, razılıqdan sonra, anası və qohumları bizə elçi gəldilər. Sözün düzü, həmin gün çox həyəcanlı idim. Yaxınları gəlib “hə”mi aldılar. Ali məktəbin 3-cü kursunda oxuyanda nişanlandıq. Toyumuzu bir neçə il gözləməli olduq. Çünki qayınatam həmin ərəfələrdə dünyasını dəyişmişdi. Həm də ali məktəbi bitirməyimizi gözlədik. Nəhayət, biz təhsilimizi başa vurduqdan bir il sonra evləndik. Toyumuz Azərbaycanın bütün adət-ənənələrinə uyğun oldu. Unudulmayan ziyafət idi.
Övladları dünyaya gəlir.
Evliliyimizdən 2 övladımız - Aynur və İlqar dünyaya gəldi. Hazırda ikisi də ailə həyatı qurub. Uşaqlarım ailə quranda yoldaşımla mən müdaxilə etmədik. Özləri sevib-seçdilər. Biz də razılıq verdik. Düşünürəm ki, bir uşağın böyüyüb başa çatmasında, formalaşmasında həm valideynin, həm də orta məktəbin böyük rolu var. Valideyn və orta məktəb uşağa nə qədər güclü baxsa, ortaya yaxşı bir övlad çıxacaq. Mən övladlarımdan çox razıyam.
Bəzən biz görürük ki, bir ailədən iki övlad eyni cür təhsil, tərbiyə alır, amma fərqli xüsusiyyətlərə malikdir. Yaxşını, pisi ayırd edə bilən övlad özünə yaxşı həyatı seçir. Bu baxımdan övlada qadağa yox, sadəcə pislə yaxşını anlatmaq gərəkdir. Amma nəzarət də yaxşıdır. Uşağı başsız da buraxmaq olmaz, çox qadağa da qoymaq olmaz. Çünki insan elədir ki, “yox” deyilən hər hansı bir şeyə maraq göstərir. Biz övladımıza nəyisə qadağan etmədik. Sadəcə onlar ailədə bizim nəyi qəbul edib etmədiyimizi görüb, ona görə də davranıblar.