Bu gün gecə saatlarında Bakıya gələn türkiyəli müğənni Kənan Doğulu media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, ona ünvanlanan sualları cavablandıran ifaçı paytaxtımıza növbəti dəfə təşkilatçı Səlahətdin Atalayın dəvəti ilə gəlib.
K.Doğulu sevgilisi, aktrisa Beren Saatın onunla gəlməməsindən və şəxsi münasibətlərindən danışıb:
“Berenin çəkilişləri olduğundan mənimlə gələ bilmədi. Sevgi məsələlərini açıq danışmaq istəmirəm. Çünki bunlar ailə içində olan hadisələrdi. Toy tarixini də ailə içində danışıb, müəyyənləşdirəcəyik”.
Kənan ata olacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib:
“Ata olmağı çox istəyirəm, amma bu şayiədir. Mənim üçün övladımın qız və ya oğlan olmasının fərqi yoxdur. Hətta əkiz olmasın belə istəyərəm”.
Bakı səfərindən danışan türkiyəli ifaçı konsertindən bəhs edib:
“Bu, Bakıya ilk gəlişim deyil. Şəhərinizdə bir neçə dəfə olmuşam. Heydər Əliyev Sarayında ikinci konsertimdir. Bura mənim üçün çox dəyərli bir məkandır. Gecə yorğun idim, gəlib yatdım. Bütün günümü oteldə keçirdim, şəhəri gəzmək imkanım olmayıb. Bir azdan isə konsertə yollanacam. Yeni mahnılarımı Azərbaycan tamaşaçısı üçün ilk dəfə canlı ifa edəcəm”.
Kənan Doğulu konsertdən sonra gecə Türkiyəyə geri qayıdacaq. Buna səbəb isə sənətçinin yeni mahnılar yazdırmasıdır. İfaçı təklif alarsa, azərbaycanlı müğənni ilə duet oxumaq istədiyini də bildirib:
“İşlərim çox olduğundan qala bilmirəm. Sabah studiyada olmalıyam. Heç bir Azərbaycan müğənnisindən təklif almamışam. Əgər istəyən olsa məmnuniyyətlə duet oxuyaram”.
Gecənin təşkilatçısı Səlahətdin Atalay K.Doğulunun konsertini keçirtməsinin səbəbini açıqlayıb:
“Kənan Doğulu əsl müğənnidir və sevilir. Məhz buna görə də onun Bakı konsertlərini təşkil etməkdən məmnunam”.
Zəhra ƏHMƏDOVA
Foto: Rəşad ABBASOV