Bəyimxanımın konsertinə dövlət məmurları da gəldi - fotolar

Bəyimxanımın konsertinə dövlət məmurları da gəldi -  fotolar
4673 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Heydər Əliyev Sarayında xanəndə Bəyimxanım Vəliyevanın ilk solo konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, iki saat davam edən konsertdə müğənni canlı ifaları ilə tamaşaçılara xoş anlar yaşadıb. Bəyimxanımın ifa etdiyi 19 əsər içində xalq mahnıları olduğu kimi, bəstəkar musiqiləri də səslənib. Müğənni konsertini Cahangir Cahangirovun “Ana kür” mahnısı ilə açıb.

Daha sonra isə o, sənətində imzası olan Sona Vəliyevanın yazdığı estrada mahnılarını səsləndirib.
Sənətçinin solo ifaları ilə yanaşı, duetləri də maraqla qarşılanıb. Bəyimxanım öncə səhnəni xalq artisti Samir Cəfərovla bölüşərək bəstəkar Ramiz Mirişlinin “Səadət” mahnısını birgə oxuyub.

Ardınca isə səhnəyə meyxanaçı Namiq Qaraçuxurlu çıxıb. O, gecənin səbəbkarı ilə “Qəmli qadın” mahnısını ifa edib.

Tədbirə bir çox ziyalılar qonaq qismində qatılıb. Onların sırasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Metropolitenin rəisi Tağı Əhmədov, Milli Məclisin üzvü Novruz Aslan, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ziyalılar da yer alıb. Gecəyə həmçinin Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit Nəbizadə, Zamiq Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət xadimləri Tahir Əkbər, Nailə Mirməmmədli, xanəndələr Qəzənfər Abbasov, Almaz Orucova, Bahar Lətifqızı, əməkdar artistlər Firuzə İbadova, Gülyaz və Gülyanaq bacıları, aktyor Fuad Poladov, aparıcılar Zaur Kamal, Anar və digər qonaqlar da qatılıb.

Konsertdə çıxış edən Ağaxan Abdullayev və Novruz Aslan müğənninin sənətini böyük qiymətləndirdiklərini qeyd edib ona bu yolda uğurlar diləyiblər. Gecənin aparıcısı Lətafət Ələkbərova olub.

Konsert bitdikdən sonra Bəyimxanım öz fikirlərini bizimlə bölüşüb:

“Çox həyəcanlı idim. Məni ən çox narahat edən saraydakı yerlərin boş qalması idi. Qorxurdum ki, birdən tamaşaçı az olar və mən çıxış etməyə utanaram. Amma səhnəyə çıxandan sonra gördüm ki, hər şey yaxşıdır. Bu konsertə uzun zamandır, hazırlaşırdım. Ümidvaram ki, tamaşaçılar bəyəndi. Çox şükür, bundan da alnıaçıq çıxdım. Təbii ki, göydə Allah, yerdə də yaxşı insanların sayəsində. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Foto: Rüstəm Fərman