Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun yeddinci yarış günü olduqca qalmaqallı keçib.
Axşam.az xəbər verir ki, veriliş ərzində iştirakçıların əksəriyyəti Elxan Zeynallının (Qaraqan) şəklini ataraq onu oyundan uzaqlaşdırmağa çalışıblar. Verilişin sonunadək Elxan oyundan kimi çıxarmaq istədiyini gizli saxlayıb. Aparıcı Günel Hümbətova və müğənni Niyam Salami arasında isə qalmaqal yaşanıb. Günel Niyamı ona nalayiq sözlər işlətməkdə ittiham edib. Müğənni isə Hümbətovanın onu çox əsəbiləşdirdiyini deyərək veriliş ərzində aqressiv hərəkətləri ilə seçilib. Günel Elxan Zeynallının 2 dürüst iştirakçıdan biri olduğunu qeyd edərək Roza Zərgərlinin yarışdan uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. O,əgər E.Zeynallı tələb olunan səsi yığımazsa, özünün də oyunu tərk edəcəyini söyləyib. Aparıcı buna səbəb kimi yorulmağını və baş verənlərdən sarsılmağını göstərib.
Tamaşaçıların səsverməsi nəticəsində Elxan Zeynallı 59. 87 faiz səs toplayıb və oyunda qalmaq şansı qazanıb. O, verilişə gəlməzdən öncə iştirakçıları özünə layiq görmədiyini deyib. Veriliş ərzində fikirlərinin dəyişdiyini söyləyən Qaraqan Roza Zərgərlini oyundan uzaqlaşdırmaq istədiyini vurğulayıb. O, hətta müğənninin necə 4 diploma və 2 uşaqlar evinə sahib olmasına təəccübləndiyini də gizlətməyib. Roza Zərgərli isə bu qərardan çox təəssüfləndiyini və qəbul edə bilmədiyini deyərək oyunu tərk edib.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.