Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun səkkizinci yarış günü nisbətən sakit keçib.
Axşam.az xəbər verir ki, veriliş ərzində iştirakçıların əksəriyyəti Samir Piriyevin əleyhinə səs verərək onu oyundan uzaqlaşdırmağa çalışıblar.
Səsvermənin sonunadək S. Piriyev oyundan kimi çıxarmaq istədiyini gizli saxlayıb.
Verilişə rəqqasə Oksana Rəsulova da qonaq qismində qatılaraq bir gün öncə baş verən qalmaqallara münasibət bildirib və repçi Elxan Zeynallını müdafiə etməyə çalışıb. Niyam Salami isə sosial şəbəkələrdə haqqında yazılan fikirlərə etiraz edib. İfaçı hər kəsi ailəsinə və ona hörmət etməyə çağırıb.
Murad Dadaşov Qaraqanı verilişdən uzaqlaşdıran klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun bu hərəkətinin hər kəs tərəfindən qınanıldığını da iştirakçıların diqqətinə çatdırıb.
Tamaşaçıların səsverməsi nəticəsində müğənni Samir Piriyev 54.08 faiz səs toplayaraq oyunda qalmaq şansı qazanıb. O, ifaçı Niyam Salamini yarışmadan uzaqlaşdırmaq qərarı alıb. S.Piriyev Niyama onu verilişdən çıxaracağına söz verdiyini deyib. Niyam isə Samirin bu hərəkətinə haqq qazandırıb:
“Mən bu verilişə gələndə söylədim ki, 4-5 il duz-çörək kəsdiyim adamlara toxunmayacağam. Bunlar stilst Anar Ağakişiyev, Samir və Hüseyn idi. Və onlardan xahiş etdim ki, səsverməyə çıxsalar, məni oyundan uzaqlaşdırsınlar”.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov, dicey Çina və klranet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.