Xəbər verdiyimiz kimi, dünən ATV telekanalının zövq yarışması “Özünə bax 2”nin finalı keçirilib.
Axşam.az-ın məlumatına görə, 5 ay ərzində davam edən seçim turlarından sonra finala yüksələn 16 iştirakçı arasında ən yaxşılar müəyyənləşib.
“JW Marriot Abşeron” oteldə baş tutan gecənin münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, modelyer Afaq İsmayılzadə, türkiyəli tanınmış modelyer Hakan Akkaya və İvana Sert yer alıb.
Tədbirin aparıcılığını Kamilə Babayeva və Rüfət Ağayev edib. Bu, Kamilənin ana olduqdan sonra tamaşaçılar qarşısında ilk çıxışı idi.
Ruhi Əliyeva ATV telekanalının rəhbərliyinə bu imkanı yaratdıqları üçün təşəkkürünü bildirib:
“Bizə çox dəstək oldular”.
Hakan Akkaya isə öz növbəsində finalçıların bu qədər gözəl və zövqlü görünmələrinə təəccübləndiyini gizlətməyib:
“Qızların hər biri möhtəşəmdir. Bunu gözləmirdim. İştirakçılar arasında daha çox bəyəndiyim bir nəfər var. Amma adını açıqlamayacağam”.
Gecənin qonaqları arasında xalq artisti Faiq Ağayev, müğənni Günay İbrahimli və "Bu şəhərdə" komandasının aktyoru Coşğun Rəhimov da yer alıb.
Münsiflərin rəyi və tamaşaçıların səsverməsinə görə isə yarışmanın birincisi Sevinc Bayramova adlı iştirakçı olub. O, mükafat olaraq vəd edilən Xırdalan yaşayış kompleksində birotaqlı mənzilə sahib çıxıb.
İkinci yerin sahibi Nərgiz Əliyeva brilyant qaşlı bahalı dəst qazanıb. 
Üçüncü yer isə Türkan Həsənli olub. O, İtaliyaya pulsuz səyahət əldə edib.
Foto: Rəşad ABBASOV