Bəstəkar-müğənni Emin Ağalarov “Nargis” dərgisinə müsahibə verib.
Axşam.az-ın məlumatına görə, ifaçı yaradıcılığından və ailəsindən danışıb:
“Həyatımda hər şey yolunda gedir: istər biznesdə, istər musiqidə hər şey yaxşıdır. Tək mənfi cəhət övladlarıma lazımı qədər vaxt ayıra bilməməyimdir. Mən Moskvada oluram, onlar isə ya Bakıda, ya da Londonda olurlar. Hərdən onları yanıma gətirirəm, ya da özüm gedirəm, amma bu, dəhşətli dərəcədə azdır. Övladlarımın tərbiyəsi mənim üçün çətin deyil. Əsas olan onları düzgün yönəltməkdir. Həm də onların gözlərinin qarşısında yaxşı nümunələr çoxdur. Onları layiqli insanlar əhatə edir, bu baxımdan övladlarım şanslıdır”.
Atası, iş adamı Araz Ağalarovla münasibətlərindən bəhs edən Emin onunla yaxın dost olduğunu deyib:
“İkimizin də üzünə şans gülüb: biz atamla çox ağıllı və fərqli münasibət qurmuşuq. Atamı az görmüşəm: o, Moskvada yaşayırdı, mən və bacım isə anamla Amerikada. Birlikdə çox vaxt keçirmirdik, hər zaman aramızda qarşılıqlı hörmət olub. Erkən yaşlarımdan bizneslə məşğul olmuşam. Sonra o məni biznesinin bir hissəsi ilə əlaqələndirdi. İndi biz yaxın dostuq, amma mənim vəzifəm ikimizdən hansının ata, hansımızın oğul olduğunu unutmamaqdır”.
Emin “Nə vaxt Azərbaycan dilində mahnı oxyacaqsınız” sualına belə cavabv erib:
“Əmin olsaydım ki, bunu yaxşı bacaracağam, məmnuniyyətlə sınaqdan keçirərdim. Özümdə əminlik hiss etdikdə mütləq oxuyacağam. Digər tərəfdən mənim 34 yaşım var, bu iş üçün vaxt lazımdır. O isə məndə yoxdur. Mən pis aktyoram: heç vaxt kliplərdə və səhnədə oynaya bilmirəm. Bu, bir tərəfdən yaxşıdır: heç nə düşünməməliyəm. Maskamı dəyişməli olmuram. Əgər əhvalım pisdirsə, demək, konsertdə minor notlar səsləndirəcəyəm”.