Ötən gün türkiyəli bəstəkar-aranjimançı Hakan Erolla nişanlanan şairə Leyli İsrafilova təəssüratlarını bölüşüb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində Leyli nişanın evdə baş tutduğunu deyib. O, mərasimin Azərbaycan adət-ənənələrinə uyğun keçdiyini bildirib:
“Hakanın ailəsi Türkiyədən gəlmişdi. Bütün adətlər bizə uyğun oldu. Kofe vermədik, əvəzində öz şirin çayımızı təqdim etdik. Onun atası ilə anasının əlini öpdüm. Üzüklərimizi qardaşı Gökhan taxdı. Toy apreldə baş tutacaq. Mayda isə Türkiyədə toy edəcəyik. Nikahdan sonra Türkiyəyə köçüb, orada yaşayacağıq. Fəaliyyətimiz də orada davam edəcək”.
Leylini bu xoş günündə küsdürənlər də olub. Belə ki, şairə haqqında yazılan rəylərdən bərk inciyib:
“Sosial şəbəkələr və bəzi saytlarda ünvanıma xoşagəlməz şərhlər oxudum. Deyirlər ki, Leyli gedib iki aydan sonra boşanacaq. Bu fikirlərə çox pis oldum, məni ağlatdılar. Mən dörd ildir Hakanla birlikdəyəm. Əvvəl dost, sonra iş yoldaşı, nəticədə isə sevgili olduq. Hakan ən pis günümdə yanımda idi. Mən iki ay sonra ayrılmaq üçün ailə qurmuram. Sevib evlənirəm və xoşbəxt olacağımıza da inanıram”.