Mayın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.

Axşam.az xəbər verir ki, yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda fərqli şəkildə təqdim olunacaq.

Qeyd edək ki, rejissor 2011-ci ildə bu tamaşanı Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında səhnəyə qoyub. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o, indi tamam fərqli aspektdən yanaşıb.

Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar, bu qeyri-adi taxta oğlan - Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.



                 

Digər